''Qalatasaray'' ən yaxın izləyicisini yendi və öz rekordunu təkrarladı

8.11.2026 11:32 27
Dünya futbolu
Türkiyə çempionatının 11-ci turunda lider ''Qalatasaray'' ən yaxın rəqibi ''Amed SF''ni qəbul etdi. Əməliyyat olunan əsas qol silahı Viktor Osimhensiz oynamaq məcburiyyətində qalan İstanbul nəhəngi buna baxmayaraq yenə fanatlarını parlaq qələbə ilə sevindirdi.

Meydan sahibləri 59 dəqiqə ərzində 3 cavabsız qol vurduqdan sonra bir qədər rahatlaşdılar. Diyarbəkir təmsilçisi sonradan fərqi minimuma endirməyə müvəffəq oldu. Yekunda 4:3 üstün olan ''Qalatasaray'' bütün turnirlərdə ardıcıl 6-cı qələbəsini qazandı və ən yaxın rəqibi ilə fərqi 5 xala yüksəltdi.

''Trabzonspor'' turu qələbə ilə başa vursa, 2-ci pilləyə yüksələcək və fərq 3 xala enəcək. Bu nəticə sayəsində ''Qalatasaray'' şəxsi rekordunu təkrarladı. Belə ki, ''sarı-qırmızılar''ın Türkiyə çempionatı çərçivəsində evdəki məğlubiyyətsiz seriyası 41 oyuna yüksəldi (33 qələbə, 8 heç-heçə)!

Komandanın daha öncə tarixi ərzində yalnız bir dəfə - 2017 may - 2019 noyabr aralığında belə seriyası olmuşdu. ''Qalatasaray'' superliqada son ev məğlubiyyətini 2024-ün mayında ''Fənərbaxça'' ilə derbidə yaşayıb (0:1). Okan Burukun da seriyası diqqət çəkir. Bu mütəxəssis ''Cim-Bom''un başında indiyə qədər superliqada evdə əcnəbi həmkarlarına qarşı keçirdiyi 21 oyunun heç birində məğlubiyyət acısı yaşamayıb (18 qələbə, 3 heç-heçə).

Aleksey Batrakovun yenə meydanı qolsuz tərk etməməsini də xüsusi vurğulamağa dəyər. Rusiyalı yarımmüdafiəçi son 8 rəsmi oyunda aktivinə 8 məhsuldar hərəkət yazıb (6 qol, 2 ötürmə).