Dünən Çempionlar Liqası ilə yanaşı Avropa Liqasında da əsas mərhələnin 3-cü turunun iki oyunu keçirildi.
''Qalatasaray'' məhsuldar və maraqlı keçən oyunda ''Elfsborq''u 4:3 hesabı ilə məğlub etdi. İkardi, Barış Alpər Yılmaz və Yunus Akgün hərəyə bir qol vurdusa, daha bir top avtoqol sayəsində vuruldu. Bu oyunda bir sıra maraqlı göstəricilər qeydə alındı. Məsələn, Okan Buruk UEFA kuboku/Avropa Liqasında ''Qalatasaray''ın başında ardıcıl 3 ev oyununda qalib gələn ilk türkiyəli məşqçi oldu. ''Cim-Bom'' 2013-ün noyabrından (''Kopenhagen''ə qarşı oyundan) bu yana ilk dəfə bir avrokubok matçının ilk yarısında 3 qol vurdu.
Barış Alpər Yılmaz ilk dəfə avrokubok matçında fərqlənməyi bacardı. Ən maraqlı məqam isə odu ki, ''Qalatasaray'' tarixində ilk dəfə İsveç klubunu evdə məğlub etdi və bu ölkə təmsilçilərinə qarşı 5 oyunluq qələbəsiz seriyaya son qoydu. İstanbul nəhəngi buna qədər baş tutan 7 oyunda yeganə qələbəsini 1976-cı ilin sentyabrında səfərdə AİK-i 2:1 yenməklə əldə etmişdi. O tarixdən dünənki günə qədər isə ''sarı-qırmızılar'' ''Höteborq'', ''Helsinborq'' və ''Estersun'' olmaqla İsveç klublarına qarşı keçirdiyi son 5 oyundan 2 heç-heçə, 3 məğlubiyyətlə ayrılmışdı. ''Qalatasaray'' əsas mərhələdə 3 turdan sonra xalını 7-yə yüksəltdi.
ƏLİ