''Fənərbaxça''nın sabiq üzvü ''Boka Xuniors''u çempion etdi!

8.11.2026 12:33 54
Dünya futbolu
Argentina futbolunda uzun illər unudulmayacaq bir çempionluq mübarizəsi yaşandı.

Klausuranın sonuncu turunda ''Boka Xuniors'' doğma ''La Bombanera''a ''Defensa Xustisiya''nı qəbul etdi. Çempion olmaq üçün Buenos Ayres nəhəngi yalnız qələbə qazanmalı idi. Ancaq meydan sahibləri uzun müddət rəqibin müqavimətini qıra bilmədilər.

Qonaqların qapıçısı Matias Borqonyonun inamlı oyunu sayəsində 90-cı dəqiqəyə qədər hesab açılmadı. Paralel keçən oyunda ''Rosario Sentral'' ''Estudiantes Rio Kuarto''nu 2 cavabsız qolla yenərək bu oyunda ''Boka''nın büdrəməsinə ümid bəsləyirdi.

Matçın və mövsümün taleyini isə tanınmış ekvadorlu forvard Enner Valensiya həll etdi. ''Boka''nın çalışdırıcısı Rodolfo Arruabarrena 76-cı dəqiqədə Leandro Paredesin yerinə məhz Valensiyanı meydana buraxdı. Bir dönəm ''Fənərbaxça''da da forma geymiş 37 yaşlı hücumçu əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə ''La Bombanera''nı sevincdən dəli olmaq həddinə çatdırdı. Sol cinahdan asma zamanı bütün oyunu inamlı keçirən qapıçı Borqonyonun kobud səhvindən sonra top Valensiyanın önünə düşdü və bu futbolçunun zərbəsi rəqibin bir oyunçusuna deyərək yerlə uzaq küncə yönəldi. Bununla da ''Boka Xuniors'' klausura və aperturadakı xalların birləşdirildiyi ümumi cədvəldə 63 xala yüksəldi.

Buenos Ayres nəhəngi ''Rosario Sentral''ı yekunda 1 xal qabaqlayaraq 2022-dən bu yana birinci, tarixinin 36-cı çempionluğunu qazandı. Əzəli rəqib ''River Pleyt''in 38 çempionluğu var.

2023-dən bu yana ilk titulunu, eləcə də Xuan Roman Rikelmenin başqanlığı dönəmindəki ilk çempionluğunu qazanan ''Boka Xuniors'' həm də gələn mövsüm birbaşa Libertadores Kubokunun qrup mərhələsində oynamağa haqq qazandı.