“Hakim final fitini çalanda stadionda hələ yanıq qoxusu var idi” - "Vikinq"in azarkeşi niyə ölmək istəmirdi?

7.11.2026 10:52 36
Avrokuboklar / Manşet
“Sabah”ın Norveçdə “Vikinq”ə böyük hesabla uduzması hər birimizi məyus edib. Gah oyuna gec müdaxilə edən baş məşqçi Valdas Dambrauskası suçlayırıq, gah “qırmızı” alan Eyden Makkartini, gah da penaltiyə səbəbkar olan Akim Zedadkanı. Stavangerdə isə əsl futbol bayramıdı. Ona görə ki, bu şəhərin sevimli komandası Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanıb. Özü də böyük hesabla.

Təsadüfi deyil ki, Norveç mediasında bu oyuna geniş yer verilib. Məşhur VG nəşri “Vikinq”in tarixi gecəsi: ilk Çempionlar Liqası zəfərinin ardından öpüşlər və ilan rəqsi” sərlövhəli yazıdan parça:

“Vikinq” üçün xəyal gerçək oldu. Bəli, favorit meydan sahibləri idi. Ancaq “Sabah”ın debütantların duelində bu qədər zəif görünəcəyi gözlənilmirdi. Henrik Falşner azarkeşlərin önündə yerə yatıb, ilan rəqsi edəndə rəqibin geridönüş üçün heç bir şansının qalmadığı aydın idi. Erik Botheym də qol vuranlar sırasına qoşuldu. O, dərhal tərəfdarlara dönərək hər birinə öpüş göndərdi. Bu, əsl xoşbəxtlik idi və hər şey hələ matça bir neçə dəqiqə qalmış başlamışdı. Sanki qələbə qazanacaqlarını hiss edən azarkeşlər əvvəldən atəşfəşanlıq etdi. Hakim final fitini çalanda stadionda hələ yanıq qoxusu var idi. “Vikinq” həm çoxlu xal və pul qazandı, həm də azarkeşlərin sevgisini, alqışını. Stavangerdə futbol üçün mükəmməl noyabr axşamı var idi və “Vikinq” bu gecənin haqqını verdi. Komandanın tərəfdarları “Vikinq”in 12-ci adamı” pankartı açdılar və əvvəldən sonadək meydan sahiblərini dəstəklədilər. Sonda Azərbaycan təmsilçisi üçün də bir-iki cümlə: “Sabah” güclü komandadı. Onların çox yaxşı hücum performansı var. Sadəcə, bu dəfə alınmadı”.

“Tv2.no” nəşrinin oyundan hazırladığı reportajdan maraqlı hissəni təqdim edirik:

“Biz Stavangerdə tarixi Çempionlar Liqası gecəsi yaşanmadan əvvəl “Vikinq”in yaşlı azarkeşlərindən biri ilə söhbət etdik. Qoca tərəfdar bildirdi ki, komandasının bu turnirdə ilk qələbəsini qazandığını görmədən ölmək istəmir. Həmin an təmsilçimizin qalib gəlməsini daha çox arzuladıq. İş ondadı ki, gecə “Vikinq” üçün ən pis şəkildə başladı. Qonaqlar artıq 11-ci dəqiqədə hesabı açdı. Amma yox, qarşıda hələ uzun vaxt var idi və “ağ bayraq qaldırmaq” olmazdı. Sonda “Vikinq” təşəbbüsü ələ aldı. Qol... Qol... Qol... Qol... Qələbə! Həmin an stadionda bütün “Vikinq” azarkeşləri çox duyğulu idi. Əminik ki, ən çox sevinən o yaşlı adam oldu. Təəssüf, biz onu sonradan tapa bilmədik”.

KƏNAN BAHADIR