Yayda aqressiv şəkildə “Barseloya” keçmək istəyən 26 yaşlı argentinalı hücumçu, belə görünür ki, hələ uzun müddət Madriddə qalacağı ilə barışıb.
Simeone üzrxahlığı qəbul etdi
Alvares La Liqanın 10-cu turunda “Deportivo” üzərindəki qələbədən (1:0) sonra azarkeşlərə müraciət etdi. Yeni mövsümdə ilk dəfə fərqlənən argentinalı oyundan sonra yayda “Barselona”ya keçmək arzusunu publik şəkildə çatdırmaqla səhvə yol verdiyini etiraf etdi:
“Hər şeydən əvvəl dünya çempionatı vaxtı dediyim sözlərə görə azarkeşlərimizdən üzr istəyirəm. Necə və nə vaxt dediyimi nəzərə alsaq, bu səhv idi. Azarkeşlərin qəzəbini anlayıram. Mən də əsəbləşərdim. Xüsusən də onların həmişə məni necə dəstəklədiyini nəzərə alsaq. Fanatlar son bir neçə həftədə qeyri-adi ürəyiböyüklük göstərib. Mən indi daha yaxşı olmağa köklənməliyəm. Bütün bu müddət ərzində onlar məni dəstəkləyib. Mən isə yorulmadan çalışmalıyam. İrəlidə çoxlu vacib işimiz var”.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone həmvətəninin sözlərinə belə reaksiya verib:
“Üzr istəyən adamlara həmişə böyük hörmətlə yanaşıram. Ona görə ki, bu asan deyil. Xulian belə etdisə, onun üçün sevinirəm. Dediklərindən sonra özünü sakit hiss edəcək. O bizə lazımdı. Klub yeni zirvələr fəth etmək istəyirsə, Alvares məhz indiki səviyyədə bizim üçün faydalıdı”.
Çətin yay
Qalmaqal tarixçəsinin əsası hələ mayın sonunda – “Barselona”nın argentinalıya maraq göstərməsi haqda xəbər yayılanda qoyuldu. Kataloniyalılar Alvaresə Robert Levandovskinin mümkün əvəzedicisi kimi baxırdı. İnsayder Fabritsio Romanonun yaydığı xəbərə görə, klub hücumçuya görə “Atletiko”ya bonuslar nəzərə alınmadan 100 milyon avro təklif edirdi, futbolçu özü isə madridlilərdən buraxılmasını istəmişdi.
“Atletiko” belə xəbərləri sosial şəbəkə hesablarında lağa qoydu və dərhal anlatdı ki, forvardı satmaq niyyətində deyil. Ancaq iyulda münaqişənin yeni dalğası alovlandı: dünya çempionatı vaxtı Alvares publik şəkildə keçidinə icazə verilməsini tələb etdi. Argentinalı ulduz Avstriya ilə oyundan (2:0) sonra belə dedi:
“Bu haqda danışmağın vaxtı deyil, ancaq gizlənmək də istəmirəm. “Atletiko”dan adamlarla danışmışam. Transfer hamı üçün ən yaxşı variant olacaq. Mən, sadəcə, arzumu gerçəkləşdirmək istəyirəm”.
Madridlilərin müqavimətini qırmaq mümkün olmadı. Nəticədə “Barselona” argentinalının xidmətindən imtina etdi. Kataloniyalıların idman direktoru Deku, nəhayət, sentyabrda bunu boynuna aldı:
“Alvares artıq keçmişdədi, biz isə gələcəyə baxmalıyıq. Söz düşmüşkən, yayda baş verən bütün keçidlərdən razıtıq. Ümid edirəm ki, Xulianın işləri də qaydasında olacaq. O, klubuna yardım edir – bu dəqiqdi. Yetərincə tez-tez sövdələşmələr pozulur, bunda qeyri-adi nəsə yoxdu”.
Həmin vaxt hücumçunun klubdakı işləri heç də qaydasında getmirdi. Xulian İspaniya çempionatının ilk 9 turunda yalnız 5 dəfə meydanda görünmüş, bu oyunların heç birində 90 dəqiqə şans qazanmamışdı. Çempionlar Liqasında statistika yaxşı idi (start heyətində üç oyun), ancaq futbolçu hər iki turnirdə uzun müddət “susdu”.
Yalnız oktyabrın sonunda vəziyyət düzəldi – Alvares əvvəlcə “Ştutqart”ın qapısına yol tapdı (1:1), ardından “Deportivo”nun qapısından həlledici topu keçirdi. Yəqin üzrxahlıq üçün bundan yaxşı məqam tapmaq olmazdı. Ancaq fanatların qiyamçı argentinalı bağışlayıb-bağışlamayacağı bir qədər müəmmalı məsələdi.
Yeri gəlmişkən...
İspaniya Kral Futbol Federasiyası “Barselona”nı “Atletiko”nun hücumçusu Xulian Alvareslə apardığı təmaslara görə 602 avro məbləğində cərimələyib. Xatırladaq ki, argentinalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədi.
Qərar Madrid klubunun şikayəti əsasında aparılan intizam araşdırmasından sonra qəbul olunub. “Atletiko” iyunun 30-da İspaniya Kral Futbol Federasiyasına və FİFA-ya müraciət edərək “Barselona”nı əvvəlcədən yazılı bildiriş göndərmədən futbolçusu ilə danışıqlar aparmaqda ittiham edib. İyulun 30-da məsələ ilə bağlı intizam icraatına başlanılıb.
Araşdırmanın yekununda qayda pozuntusu yüngül hesab edilib. Bununla belə, Kataloniya klubuna İntizam Məcəlləsinin 133-cü maddəsində nəzərdə tutulan maksimum cərimə - 602 avro tətbiq olunub. Maraqlıdı ki, “Barsa” 2019-cu ildə də “Atletiko”nun şikayəti əsasında cərimələnmişdi. Həmin vaxt klub Antuan Qrizmannla aparılan danışıqlara görə 300 avro ödəməli olmuşdu.





