“Görək, “Borussiya” bizə nə qədər imkan yaradacaq” - Dambrauskas

19.10.2026 20:33 36
Avrokuboklar / Manşet
“Sabah” sabah Çempionlar Liqasının liqa mərhələsində Dortmund “Borussiya”sını qəbul edəcək.

Bu gün “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi mətbuat konfransı keçirdi.

– Rəqib son iki oyunda qol vura bilməyib. Bu amilin rəqibin psixoloji durumuna təsiri barədə nə düşünürsüz?
– Bu, bizim üçün o qədər də yaxşı məqam deyil. Əksinə, onlar daha da köklənərək qol vurmağa çalışacaqlar. Biz də əlimizdən gələni edəcəyik. Rəqib dünyanın ən böyük komandalarından biridi, güclü heyətə malikdi və hər cinahda keyfiyyətli futbolçuları var. Çempionlar Liqasında keçirdiyimiz hər oyun bizim üçün böyük dərsdi. Sabah da pressinqin necə qurulmalı olduğunu və necə oynamaq lazım gəldiyini görəcəyik. Dünyada ən çox sprint edən komandalardan birinə qarşı mübarizə aparacağıq.

– Xəyal Əliyev sabah azı 15 dəqiqə oynamağa hazırdı?
– Onun hazır olduğuna inanıram. Digər futbolçular da hazırdı. 20-dən çox oyunçumuz var. Heyətlə bağlı qərarı bu gün verəcəyik.

– Ötən matçda stadionda azarkeş sayı az idi. Azarkeşlərinin dəstəyi komandaya nə dərəcədə kömək edə bilər?
– Tam dolu stadionda oynamaq bizim üçün böyük məmnunluqdu. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq. Ehtimallar barədə danışmayacağam. Əsas məqsədimiz öz oyunumuzu nümayiş etdirməkdi.

– Sonuncu dəfə laterallarla oynayan “Orhus”a 4 qol vurmuşduz. Sabah neçə qol vurmağı hədəfləyirsiz?
– Mümkün qədər çox qol vurmağa çalışacağıq. Görək, “Borussiya” bizə nə qədər imkan yaradacaq (gülür).

Oyunöncəsi mətbuat konfransına Akim Zedadka da qatılmışdı.

- Komandada sabahki görüşdə qələbəyə inam nə qədərdi?
- Çətin oyun olacaq. Hər zaman olduğu kimi qələbə qazanmaq üçün ailəmizin, azarkeşlərimizin qarşısında meydana çıxacağıq. Rəqib çox güclüdü, lakin biz əlimizdən gələni edəcəyik.

İSRAYIL XEYRULLAYEV