“Sabah”ın satışa çıxardığı biletlər buna görə bitib! – böyük təhlükə qapıda

22.09.2026 16:55 378
Avrokuboklar
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunlarına biletlərin satışa çıxarıldığını xəbər vermişdik. “Slaviya”, “Borussiya”, “Barselona” və “Napoli” ilə keçiriləcək qarşılaşmalar üçün vahid bilet satışa çıxarılıb. Yəni azarkeş 4 oyunun hamısına stadiondan baxmaq üçün bir bilet almalıdı.

Biletlərin qiyməti 35, 60, 190 və 285 manat təşkil edir. Elə ilk gün biletə böyük tələbat yaranıb. “Sabah” isə azarkeşləri narahat olmamağa çağıraraq biletlərin mərhələli şəkildə satışa çıxarıldığını açıqlayıb.

“Football-plus.az” bu gün maraqlı və eyni zamanda narahatlıq doğuran mənzərə ilə qarşılaşıb. “X” sosial şəbəkəsində bəzi xarici səhifələr “Sabah”ın ev oyunlarının biletlərini “qara bazar”da satışa çıxarıb. Özü də necə?

4 oyunun hamısına baxmaq imkanı vahid bilet ayrı-ayrı oyunlar üçün satışa təqdim olunur. Yəni bir biletin üzərindən 4 fərqli qarşılaşma üçün ayrıca qazanc əldə etməyə çalışırlar. Məsələn, 35 manatlıq bileti götürək. Həmin bilet sahibinə 4 oyuna giriş imkanı verir. Lakin “qara bazar”da eyni biletin hər oyun üçün ayrıca satılması halında bir biletdən dəfələrlə artıq gəlir əldə etmək mümkündü. Avropada Çempionlar Liqası oyunlarına biletlərin qiymətinin 30-60 avrodan başladığını nəzərə alsaq, belə şəxslərin 35 manatlıq bileti dəfələrlə baha qiymətə satmağa çalışması təəccüb doğurmamalıdı.

Daha bir təhlükəli məqam eyni biletin 5-10, hətta daha çox adama satılması ola bilər. Nəticədə həmin şəxslərin hamısı oyun günü stadionun girişində eyni bileti təqdim edərsə, ciddi qarışıqlığın yaranması qaçılmaz olacaq.

Ona görə də “Sabah”ın və biletlərin satışını həyata keçirən qurumların bu məsələyə indidən ciddi nəzarət etməsi vacibdi.

Xatırladaq ki, “bayquşlar” oktyabrın 13-də “Slaviya”nı, 20-də “Borussiya”nı, noyabrın 25-də “Barselona”nı və gələn il yanvarın 20-də “Napoli”ni qəbul edəcək.

İSRAYIL XEYRULLAYEV