...Əbdürrəhim bəy Haqverdiyev həyatda olsaydı, “Bəxtsiz cavan”ın yeni versiyasını Mahir Emreli üçün yazardı. Olmayanda olmur da, nə edəsən...
Dünən gecə Polşa çempionatının 13-cü turunun son oyununda “Rakuv” “Poqon”u qəbul edib. Mahir Emreli bu dəfə start heyətində yer alıb və hətta 71 dəqiqə oynayıb. Nəinki oynayıb, hətta Makuşun 47-ci dəqiqədə vurduğu bərabərlik qolunda məhsuldar ötürmə də verib. Qonaqlar isə 5-ci dəqiqədə Çurlinovun qolu sayəsində irəli çıxmışdı.
Bəs onda niyə Mahirə “bəxtsiz cavan” deyirəm? İş ondadı ki, həmvətənimiz meydanı tərk edəndə hesab 1:1 idi. “Rakuv” 73-cü və 90+7-ci dəqiqədələrdə daha iki qol vurmaqla qələbə qazanıb, çoxdan “lövbər saldığı” sonuncu pilləni, nəhayət, tərk edib.
Ədalət naminə deyək ki, Mahir “Rakuv”da ən yüksək qiymət alan dörd oyunçudan biri olub. Emreli (8,2) yalnız Makuş (8,3), Tudor (8,3) və Rakovitandan (8,7) geri qalıb.
ORXAN
Mahir meydandan çıxdı, komandası qolları sıraladı – bəxtsiz cavan...
Dünya futbolu / Manşet





