Bilindiyi kimi, ölkə kubokubun 2-ci təsnifat mərhələsində keçirilən matçda meydan sahiblərinin futbolçusu Samuel Nonqo 68 və 80-ci dəqiqələrdə iki sarı vərəqə alsa da, 90-cı dəqiqədə Ehtiram Şahverdiyevlə əvəzlənib və meydanı tərk edib.
Bu oyunun yenidən keçirilməsi ehtimalı ilə bağlı sorğumuza PFL-dən verilən cavaba görə, hadisə barədə AFFA İntizam Komitəsinə məlumat verilib. Görünür, yekun qərar bu qurum tərəfindən veriləcək. Bəs, iclas nə vaxt olacaq? Bu cür hallarda həqiqətən mi, matç yenidən keçirilməlidi?
Bu suallarla komitənin sədri Erkin Hüseynova müraciət etsək də, aydın bilgi ala bilmədik. AFFA rəsmisinin “Football-plus.az”a cavabı bu cür oldu:
“İclas bütün kubok matçları başa çatdıqdan sonra keçiriləcək. Qanuna görə, hakimlərin səhvi yalnız AFFA Hakimlər Komitəsi tərəfindən araşdırılır. Məlumdu ki, hakim futbolçuya iki sarı vərəqə göstərsə də, meydandan çıxarmayıb. Burda cəzanı hakim alacaq. Həmçinin, hakim səhv qərar verdiyini protokolda bildirib, səhvini etiraf edib. Futbolçu qırmızı vərəqə alıbsa, AFFA İntizam Komitəsi tərəfindən buna uyğun cəza veriləcək. Hakimləri isə yalnız Hakimlər Komitəsi cəzalandıra bilər”.
Beləliklə, açıqlamadan da göründüyü kimi, oyunun yenidən keçirilib-keçirilməyəcəyi ilə bağlı hələ konkret bilgi yoxdu. Belə müəmmalı açıqlamalar fonunda həqiqəti necə tapa bilərik? Hər halda, mövzu “Football-plus.az”ın diqqət mərkəzində qalmağa davam edəcək.
KƏNAN BAHADIR





