11 qat ölkə çempionu 11 ildən sonra... - "Qarabağ" üçün uğursuz seriya

3.11.2026 11:34 36
Ölkə futbolu
Misli premyer-liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib.

"Football-plus.az" PFL-in saytına istinadla xəbər verir ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib. 11 qat ölkə çempionu 2015/16 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ”yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.

Mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdən "sülh"lə ayrılıb.