Qurban Qurbanov Yankoviçlə Silvanı "Qarabağ"dan qovub? - bəlkə də başqa çarə qalmayıb...

3.11.2026 10:52 234
Ölkə futbolu / Manşet
"Qarabağ"ın futbolçuları Mateus Silva ilə Marko Yankoviçin Misli premyer-liqasının 10-cu turunda "Qəbələ"nin qonağı olduqları matçda (0:0) bir-biri ilə dalaşmasından xəbərdarsız.

Xatırladaq ki, birinci hissənin sonunda oyunçular arasında yaranan anlaşmazlıq gərginliyə səbəb oldu. Yaxşı ki, komanda yoldaşlarının müdaxiləsi mübahisənin böyüməsinə imkan vermədi. Oyunsonrası mətbuat konfransında bu mövzu ilə bağlı danışan "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov hər iki futbolçunun cəzalandırılacağını bildirdi. Bəs, söhbət hansı cəzadan gedir?

Əslində cütlüyün ötən il "Napoli" ilə matçda da dalaşdığını nəzərə alsaq, münasibətlərin qaydasında olmadığı aydındı. Lakin indiki məqamda oyunçuların əvəzedici heyətə göndərilməsi gündəmdə deyil. Ona görə ki, həm Yankoviç, həm də Silva uzun illərdi bu komandanın şərəfini qoruyur və yayda heyətə cəlb edilən futbolçuların uyğunlaşma prosesi üçün vacib simalardı. Komandanın çətin dönəmdən keçdiyi də sirr deyil. Odu ki, Qurban Qurbanov böyük ehtimalla onları əsas heyətdə saxlasa da, əvvəlki qədər çox şans verməyəcək və böyük məbləğdə cərimə müəyyənləşdirəcək.

O başqa məsələ ki, vaxtilə Elvin Cəfərquliyevlə Abbas Hüseynovu əsas komandadan qovan çalışdırıcının bu dəfə də eyni addımı atması istisna deyil. Ona görə ki, komandanın daxilində nələrin baş verdiyini bilmirik. Bəlkə də hadisələrin axarı artıq önünə keçilə bilməyəcək qədər mənfi yöndə irəliləyir və yeganə çıxış yolu adı çəkilən oyunçuların əsas komandadan uzaqlaşdırılmasıdı.

Zaman hər şeyə aydınlıq gətirəcək. Bizə isə məsələni diqqətdə saxlamaq qalır.

KƏNAN BAHADIR