Türkiyəli forvard İspaniyaya qayıtdıqdan sonra qolları sıralayır

29.08.2026 20:11 14
Dünya futbolu
İspaniyaya döndükdən sonra yenidən ayağı açılan Enes Ünal ''Xetafe''də qolları sıralamaqda davam edir.

''Bornmut'' macərası zamanı 58 oyuna cəmi 5 qol vuran türkiyəli forvard Madrid təmsilçisinə gəldikdən sonra ardıcıl 3-cü rəsmi oyunda fərqlənməyi bacardı. ''Xetafe'' Konfrans Liqasında təsnifat mərhələsinin pley-offunda səfərdə ''Partizan''a 1:2 məğlub oldu. İspaniya klubunun heyətində yeganə qolu məhz Enes Ünal vurdu. Məğlubiyyətə baxmayaraq ''Xetafe'' ilk oyundakı 3:1-lik qələbə sayəsində mərhələni adlayan tərəf oldu.

Enes ''Partizan''a qarşı ilk görüşdə də fərqlənmişdi. Bundan başqa o, ötən həftəsonu La Liqanın 2-ci turunda ''Rasinq'' ilə ev oyununda yeganə qolun müəllifi olaraq komandasına dəyərli 3 xal qazandırmış.

Ümumilikdə 29 yaşlı hücumçu ''Xetafe''də 113-cü rəsmi oyunda vurduğu qolların sayını 39-a çatdırdı. Bununla da Enes klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 5-ci pillədə qərarlaşan Manu del Moralı (195 oyun, 39 qol) yaxaladı.

Enes bu gedişlə artıq bu mövsüm ''Xetafe'' tarixinin ən məhsuldar oyunçusuna çevrilə bilər. Çünki siyahıya başçılıq edən Xorxe Molinanın 52 qolu var. Yəni türkiyəlinin bu rekordu yeniləmək üçün bundan sonra 14 qola ehtiyacı var.