Dünən İspaniya çempionatında 11-ci turun son oyununda ''Xetafe'' səfərdə ''Selta''nın qonağı oldu.
1:1 hesabı ilə başa çatan qarşılaşmada qonaqların yeganə qolunu fasilə ərəfəsində cərimə zərbəsindən Enes Ünal vurdu. Türkiyə yığmasının üzvü bu mövsüm cərimə zərbəsindən artıq ikinci dəfə fərqlənməyi bacardı. Daha öncə o, ''Real Sosyedad''la qarşılaşmada da bu cür qol vurmuşdu. Enes bu mövsüm ''Rayo Valyekano''lu Florian Lejen ilə birlikdə La Liqada cərimə zərbəsindən iki qol vuran 2 futbolçudan biridi.
Maraq üçün bildirək ki, İspaniya çempionatında bir mövsümdə cərimə zərbəsindən iki qol vuran sonuncu türkiyəli futbolçu Nihat Kahveci olmuşdu. O, bunu 2007/08-də ''Vilyarreal''ın heyətində bacarmışdı. Məhz elə Nihatdan sonra La Liqada ən çox qol vuran türkiyəli oyunçu olan 25 yaşlı Enesin aktivində bu mövsüm 11 çempionat oyununda 3 qol, 2 məhsuldar ötürmə var.