İkardi ÇL-də oynayan kluba keçə bilər

29.10.2026 15:26 36
Dünya futbolu
''Qalatasaray''dan ayrıldıqdan sonra heç kimlə anlaşa bilməyən və 4 aya yaxındı, klubsuz olan Mauro İkardi ilə bağlı yeni transfer iddiası ortaya atılıb. Daha öncə adı Argentina nəhəngləri, eləcə də ''Latsio'' ilə yanaşı hallanan, amma bu klublara transferi baş tutmayan ünlü forvard karyerasını İspaniya çempionatında davam etdirə bilər. Ona ''Betis'' ciddi maraq göstərir. Bu mövsüm Çempionlar Liqasında çıxış edən ''Betis'' rəsmi təklif irəli sürməsə də, klub rəsmiləri İkardinin meneceri ilə əlaqə quraraq transfer şərtləri ilə maraqlanıblar. Bu məlumatı İtaliya mətbuatı paylaşıb. ''Tuttomercato''da gedən xəbərdə qeyd olunub ki, İkardinin ''Betis''dən tələb edəcəyi maaşdan çox şey asılı olacaq. 33 yaşlı futbolçu ''Qalatasaray''dakı son mövsümündə illik 10 milyon avro qazanmışdı. Təbii ki, ''Betis''in İkardiyə bu qədər maaş ödəmək fikri yoxdu. İkardi bu klubda oynamaq üçün son maaşından çox ciddi endirimə getməlidi. ''Qalatasaray'' ona bu mövsüm üçün 5 milyon avro təklif etsə də, İkardi razılaşmamışdı. Bu arada ''Qalatasaray'' tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusunda olan argentinalı ulduzun ''Yuventus'', ''Elçe'', ''Everton'', ''Tottenhem'', ''Benfika'' və PAOK-un maraq dairəsində olduğu da bildirilir. Çox güman, İkardi ən gec qış transfer dönəmində özünə yeni klub tapacaq.