Sevgimiz elə bu qədərmiş... – gəncəli azarkeş hara gedərmiş?..

29.10.2026 12:57 207
Manşet / Yazarlar
Mərhum Elza İbrahimovanın Oqtay Şamilin sözlərinə bəstələdiyi, Flora xanımın da ürəkdən oxuduğu bu mahnını mən dünən axşam – “Kəpəz” – “Baku Sportinq” oyununda boş tribunaları görəndə zümzümə edirdim. Evdəki xanım da başladı deyinməyə ki, deyəsən, bu yaşda boşanmaq fikrinə düşübsən...

Zarafat bir yana, amma bu mövsüm ən pis halda 11000 azarkeşin toplaşdığı (qalan oyunlarda 13500, 13800, 14500, 15000) tribanaları çılpaq, “lüt” görəndə çaşdım, gözlərimə inanmadım. Axı dünən Gəncədə başqa bir önəmli tədbir yox idi, havadan qələbə qoxusu gəlirdi, niyə azarkeş şəhərin əsas komandasının yanında olmamalıydı?

Düşündüm-daşındım, içimi qara-qara fikirlər aldı. Sizə elə gəlmir ki, gəncəli azarkeşlərin çempionat oyunlarında tribunaları doldurması, ancaq kubokda komandanı yalqız qoyması daha çox özünü başqalarına, lap açıq deyəcəm, ilk növbədə tovuzlu futbolsevərlərə göstərmək istəyinin təzahürüdü? Yəni sizdə tribunalara maksimum 6-7 min azarkeş toplaşırsa, biz ikiqat üstünük, 15 minlik, hətta lazım gəlsə, 20 minlik stadionu da doldurarıq...

Mən kiminsə incə damarına basmaq, gəncəli azarkeşləri özümdən incik salmaq fikrində deyiləm. Amma komandanın uğurlu qrafik yaxaladığı, uzun fasilədən sonra “avrokubok” dağının ətəyində məskən saldığı məqamda azarkeşin belə biganəliyinə başqa, məntiqli səbəb və izah tapa bilmirəm.

...Bildiyim qədəri ilə Oqtay Şamil yaşayır, icazə versəydi, o şeirin sözlərini belə dəyişərdim:

Sevgimiz elə bu qədərmiş…
Gəncəli azarkeş hara gedərmiş…
Bilməzdim, bilməzdim, bilməzdim…


ORXAN