Son çempionların duelində güclünün adı bilinmədi - REPORTAJ

29.10.2026 12:16 18
Reportaj
Sabah (Bakı) – Qarabağ (Ağdam) 0:0
92. Stas Pokatilov (k) – 6,0
27. Timoteuş Puxaç – 6,0
4. Eyden Makkarti – 5,5
3. Stiv Solvet – 6,0
80. Akim Zedadka – 6,0
13. İvan Lepinitsa – 6,0
7. Umarali Raxmonaliyev – 6,0
21. Velko Simiç – 6,0
(8. Kristian Nvaçukvu, 72) – 5,0
10. Aleksey İsayev – 5,5
(37. Du Keyros, 61) – 5,5
11. Kahim Parris – 5,0
(99. Patrik Mbina, 61) – 5,5
20. Coy-Lens Mikels – 6,5
Ehtiyat oyunçular
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
5. Rəhman Daşdəmirov
6. Abdulla Xaybullaev
9. Xəyal Əliyev
33. Junior Almeyda
88. Rodriqo Fernandeş
34. Ksander Severina
18. Karlos Eduardo
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Coy-Lens Mikels

1. Şahruddin Məhəmmədəliyev – 6,0
5. Bruno Lanqa – 6,5
4. Bense Varkonyi – 6,5
55. Bədavi Hüseynov (k) – 5,5
2. Mateus Silva – 5,5
8. Marko Yankoviç – 6,0
33. Dieqo Rosa – 5,5
(35. Pedro Bikalyo, 72) – 5,0
29. Renaldo Sefas – 7,0
20. Kadi Borges – 5,5
21. Aleksey Kaşuk – 5,5
(88. Samuel Lobato, 72) – 5,0
9. Zakaria Savo – 5,5
(7. Jali Muaddib, 72) – 5,0
Ehtiyat oyunçular
12. Teymur Həsənov
13. Bəhlul Mustafazadə
22. Musa Qurbanlı
32. Hikmət Cəbrayılzadə
25. Cebrail Makreçkis
19. Taofik İsmail
11. Reda Xadra
39. Ceremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Renaldo Sefas

Vərəqələr: M.Yankoviç, 19 (qeyri-idman hərəkəti). A.Kaşuk, 71 (qeyri-idman hərəkəti). D.Keyros, 85 (qeyri-idman hərəkəti). K.Nvaçukvu, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev (hamısı Bakı).
VAR hakimi: Kamranbəy Rəhimov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
25 oktyabr. Bakı. “Sabah Arena”. 5180 tamaşaçı (6700 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.

“Sabah”ın yeni evində - Mərdəkanda yerləşən “Sabah Arena”da ilk rəqibinin “Qarabağ” olması oyunun əhəmiyyətini daha da artırmışdı. Komandaların yalnız qələbə hədəflədiyinə şübhə olmadığından bizi əvvəldən sonadək gərgin mübarizənin gözlədiyini bilirdik. Düzdü, bu yöndə ümidlər özünü tam doğrultmadı. “Bayquşlar”ın “Borussiya” ilə oyunda böyük güc sərf etməsi, “köhlən atlar”ın yenilənmiş heyətinin hələ baş məşqçi Qurban Qurbanovu qane edəcək səviyyəyə çatmaması komandaların ehtiyatlı oyunu, hücumların azlığı ilə nəticələndi.

Hesabın 0:0 olması isə matçda qolların vurulmadığı mənasına gəlmir. Ona görə ki, meydan sahibləri iki dəfə qol sevinci yaşadı, sadəcə, qayda pozuntuları “Sabah”ı sevinməyə qoymadı. Həmin epizodlardan biri 4-cü dəqiqədə qeydə alındı. Mikelsin ötürməsindən sonra topu tora qovuşduran Parris oyundankənar vəziyyətdə olması səbəbindən adını tabloya yazırda bilmədi. Növbəti hücumu “Qarabağ”ın ifasında izlədik. 10-cu dəqiqədə Bədavinin uzaqdan göndərdiyi topu qəbul edən Sefas cərimə meydançasına daxil olandan sonra bəxtini sınadı. Ancaq Pokatilovun yerində olması yamaykalının işlərini korladı. Ardından “Sabah”ın hesabı açmaq cəhdi fayda vermədi. Buna Alekseyin ötürməsindən sonra həlledici zərbəyə müəlliflik edən Parrisin qeyri-dəqiqliyi səbəb oldu. “Qarabağ”ın 31-ci dəqiqədəki hücumu isə daha uğursuz alındı. Çünki Solvet Sefasın Savoya çatdırmaq istədiyi topu qarşılamaqla təhlükənin böyüməsinə imkan vermədi. Bir qədər sonra Mikels əla imkanı dəyərləndirə bilmədi. Simiçin qapı önünə göndərdiyi topu başla tora qovuşdurmaq istəyən hücumçu dəqiq oynamadı. Belədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı.

İkinci hissədə qarşılıqlı hücumlar izlədik. 50-ci dəqiqədə Aleksey qapı önündə qərarlaşan Simiçə ötürmə verdi. Serbiyalı üçün ideal şərait yaranmışdı ki, Varkonyinin kritik müdaxiləsi rəqibin arzusunu gözündə qoydu. Ardından özünü cərimə meydançasının həndəvərinə yetirən Sefas təxminən 20 metrdən bəxtini sınamaq qərarına gəldi. Lakin yamaykalının zərbəsindən sonra top tirin üstündən şütüdü. 59-cu dəqiqədə Aleksey və Simiç yenidən bir qədər əvvəl bəhs etdiyimiz aqibətlə üzləşdi. Sadəcə, “Qarabağ”ın xilaskarı rolunda bu dəfə Lanqa çıxış etdi. Simiçin daha bir cəhdi isə qeyri-dəqiqlik üzündən puç oldu. İş o həddə çatdı ki, Dambrauskas Mbinanı da meydana buraxmaqla azı bir qolun vurulmasına nail olmaq istədi. 65-ci dəqiqədə Noqeyronun ötürməsi sayəsində Umarali də bəxtini sınayanlar sırasına qoşuldu. Onun “bayquşlar”ı sevindirməsinə isə Şahruddin mane oldu. Ardından Rosa Sefasın bacarmadığını etmək eşqinə düşdü. Düzdü, o, komanda yoldaşıyla müqayisədə dəqiq zərbə endirdi. Lakin Pokatilovun müdaxiləsi hesabın açılmasına imkan vermədi.

72-ci dəqiqədə Lepinitsa – Mbina – Mikels kombinasiyası uğursuzluqla nəticələndi: sonuncu dirəyi “nişan aldı”. O başqa məsələ ki, epizodda ofsayd qeydə alındı. Bir qədər sonra Pokatilov daha bir sınaqdan üzüağ çıxdı. Qapıçı Kadinin yaxın məsafədən fərqlənməsinə imkan vermədi. 80-ci dəqiqədə topu Yankoviçdən “oğurlayan” Mikels Mbinanın ələ keçirməsinə şərait yaratdı. Dərhal irəli atılan qabonlu həlledici zərbə üçün macal tapsa da, qapı istiqamətində getməyən top Nvaçukvunun müdaxiləsi ilə tora qovuşdu. Ancaq epizodu VAR-da incələyən Rəşad Əhmədov topun Mbinanın əlinə toxunandan sonra Nvaçukvuya çatdığını əsas gətirib, qolu saymadı.

Beləliklə, oyun qolsuz “sülh”lə başa çatdı. Nəticədə “Sabah” zirvədə, “Qarabağ” 3-cü pillədə qaldı. Amma hər şey hələ yeni başlayır!

KƏNAN BAHADIR