''Qalatasaray'' ilə müqavilə müddəti başa çatdıqdan sonra sərbəst futbolçu statusuna keçən Mauro İkardinin gələcək taleyi hələ də qeyri-müəyyəndi.
Bu arada argentinalı forvarda ''Latsio''nun marağının günü-gündən artdığı məlum olub. İtaliya mətbuatında bir müddət öncə paytaxt təmsilçisinin İkardiyə illik 3 milyon avro maaş təklif etdiyi haqda xəbərlər yayılmışdı. Fabritsio Romano da bu faktı təsdiqləyərək klub rəsmilərinin təcrübəli hücumçunun meneceri ilə əlaqəyə keçdiklərini ictimaiyyətə açıqlayıb. Özü də romalılar bu transferi mümkün qədər tez - yayın sonunu gözləmədən tamamlamaq istəyirlər.
Bu həftənin sonuna qədər bu məsələdə bir çox suala aydınlıq gələcəyi gözlənilir. ''Latsio'' İkardi ilə anlaşa bilməsə, diqqətini Andrea Pinamontiyə yönəldəcək.
Maraqlıdı ki, 33 yaşlı futbolçu ''Qalatasaray''ın 5 milyon avroluq təklifini qəbul etməmişdi. Ötən mövsüm 10 milyon qazanan İkardi maaşının yarıbayarı azaldılmasına ağız büzmüşdü. Amma göründüyü kimi ''böyük beşlik''də ona illik 3 milyondan artıq təklif edən yoxdu.
İtaliya nəhəngi İkardiyə təklif göndərdi
Dünya futbolu






