Bir güllə bahar olmur!

29.10.2026 13:26 18
İdman
"Football-plus.az" xəbər verir ki, oktyabrın 20-dən 21-nə keçən gecə dünyanın ən nüfuzlu basketbol çempionatında növbəti – 81-ci mövsüm start götürdü. Mövsümün ilk oyununda, yəni “Detroyt”la “Boston” arasındakı dueldə maraqlı hadisələr baş verdi ki, bu haqda bir qədər sonra danışacağıq.

Bəs yeni mövsümdə hansı komandanın çempionluq şansları daha yüksək dəyərləndirilir? Son illərdə, adətən, komandalardan biri favorit sayılırdısa, bu dəfə vəziyyət fərqlidi. Bukmekerlərin ehtimallarında çempionluğa iddialılar sırasına əsasən “Oklahoma-Siti” ilə “San-Antonio”nun adı çəkilir. Sonrakı pillədə “Nyu-York” qərarlaşıb. Son çempionun titulunu qoruyacağını düşünənlər də çoxlu pul qazana bilər. Lebron Ceymslə Ceylen Braunun şərəfini qoruduğu “Filadelfiya 76” çempionluq ehtimaına görə 4-cü yerdədi. Bir məqamı da xatırladaq ki, MBA-nın son mövsümündə müntəzəm fərqli komandalar çempion olub: 2019 – “Toronto”, 2020 – “Leykers”, 2021 – “Miluoki”, 2022 – “Qolden Steyt”, 2023 – “Denver”, 2024 – “Boston”, 2025 – “Oklahoma-Siti”, 2026 – “Nyu-York”.

Görəsən, mövsümün ən dəyərli oyunçusu kim olacaq? Son iki mövsümün MVP-si olan Şey Gilces-Aleksandrın şansı bu dəfə 4,30 əmsalla qiymətləndirilir. Birinci isə 2,80 əmsalla Viktor Vembanyamadı. Demək olar ki, hər kəs fransalı ulduzun 3-cü mövsümdə zirvədə möhkəmlənəcəyinə inanır. Sadəcə, bir məqam var ki, Viktor tez-tez zədə problemi ilə üzləşir. Məsələn, ötən mövsüm müntəzəm çempionatda çətinliklə 65 oyun həddinə çatdı. Nikola Yokiç də MVP olmaq baxımından mövqeyini ciddi şəkildə əldən verib. Bir il əvvəl onun şansı 3,10 əmsalla dəyərləndirilirdisə, indiki əmsalı 6-dı. Hətta “Denver”də Yokiçin klubu tərk edə biləcəyinə görə də narahatdılar.

Bəli, “Detroyt”un “Boston”u qəbul etdiyi açılış oyununda maraqlı geridönüş yaşandı. Meydan sahibləri 22 xal geriliyi aradan qaldırmaqla sonda 121:113 hesabıyla qalib gəldi. Bu, 1997/98 mövsümündən bəri açılış oyunları ilə bağlı ən böyük geridönüşdü. 3-cü çeyrəyin sonunda 8 dəqiqə 32 saniyə qalanda “Boston” 22 xal öndə idi - 72:50. Ancaq tədricən fərqi azaldan meydan sahibləri sonuncu çeyrəkdə oyunun axarını dəyişdi. “Pistons” böyük fasiləyə 45:58 geridə yollanmışdısa, 3-cü çeyrəkdən sonra artıq hesab 82:88 idi. Sona 8 dəqiqə 19 saniyə qalmış “Detroyt” 89:99 uduzurdu. Ardından bu komanda ardıcıl 23 xal qazanmaqla hesabsa önə keçdi – 112:99. “Pistons”a oyunun axarını tam dəyişmək üçün ümumilikdə 5 dəqiqədə yaxın vaxt lazım gəldi. Rəqibin belə inanılmaz təkanından sonra “Boston” artıq üstünlüyünü bərpa edə bilmədi.

Yeri gəlmişkən, Pol Corc “Boston”un heyətində keçirdiyi ilk oyunda 38 xal toplamaqla yeni klub rekordu müəyyənləşdirdi. “Seltiks”in əvvəlki rekordçusu Kristaps Porzingis idi – 30 xal. Latviyalı ulduz 2023-cü ilin oktyabrında “Nyu-York”la oyunda bu qədər xal toplamışdı.
Corc “Detroyt”la oyunda həm 12 üçxallıq atışdan yeddisini, həm də 8 cərimə atışından yeddisini reallaşdırdı. Bundan başqa, 31 dəqiqədən az vaxtda 5 ribaund etdi, 3 məhsuldar ötürmə verdi, 5 dəfə topu ələ keçirdi. Corc artıq 3-cü çeyrəyin ortalarında Porzingisin rekordunu yenilədi. Sadəcə, onun bütün bu fədakarlıqları “Seltiks”i məğlubiyyətdən qurtarmaq üçün kifayət etmədi.

20 oktyabr
Detroyt – Boston 121:113 (27:28, 18:30, 37:30, 39:25)

21 oktyabr
Nyu-York – Filadelfiya 76 100:106 (25:23, 33:31, 18:29, 24:23)
San-Antonio – Oklahoma-Siti 104:116 (28:34, 16:31, 36:28, 24:23)

22 oktyabr
Vaşinqton – Miluoki 128:116 (25:23, 26:33, 39:37, 38:23)
Orlando – Atlanta 125:132 (33:28, 29:44, 38:27, 25:33)
Toronto – Çikaqo 135:92 (43:23, 26:21, 34:27, 32:21)
Bruklin – Şarlott 103:110 (23:27, 25:27, 33:32, 22:24)
Mayami – Minnesota 106:131 (32:34, 27:35, 22:30, 25:32)
Memfis – Yuta 123:103 (29:31, 35:20, 34:28, 25:24)
Nyu-Orlean – İndiana 120:123 (31:38, 35:18, 26:30, 28:37)
Hyuston – Dallas 128:110 (32:26, 38:12, 30:38, 28:34)
Leykers – Qolden Steyt 127:105 (34:33, 32:19, 36:16, 25:37)
Portlend – Finiks 124:83 (43:12, 29:27, 35:27, 17:17)
Klippers – Sakramento 121:96 (41:29, 20:25, 32:16, 28:26)