İkardi ''Latsio''ya lazım olmadı

16.09.2026 23:38 45
Dünya futbolu
''Qalatasaray''dan ayrıldıqdan sonra hələ də klubsuz olan və karyerasını harda davam etdirəcəyini heç özü də bilməyən Mauro İkardi ilə bağlı yeni xəbər var. Daha doğrusu, onun ''Latsio''ya transfer olunacağı ilə bağlı iddialara birdəfəlik son qoyulub.

Argentinalı hücumçunun İtaliyaya qayıda biləcəyi ilə bağlı xəbərlər hələ avqustun əvvəllərindən var idi. Son günlər bu iddialar yenidən artmışdı. Transfer dönəmi bitsə də, İkardi azad agent statusunda olduğundan Avropanın istənilən klubu onu heyətinə qata bilər.

''Corriere dello Sport''un məlumatına görə ''Latsio'' baş məşqçi Cennaro Qattuzonun istəyi ilə 33 yaşlı futbolçudan birdəfəlik vaz keçib. Qattuzo İkardinin transferinə və onun komandaya fayda verə biləcəyinə böyük şübhə ilə yanaşıb. Bu üzdən İkardinin transferini istəməyib. Argentinalı hələ də vətənindədi.

''Qalatasaray'' tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusunda olmasına baxmayaraq ayrıldıqdan sonra klubla bağlı heç bir paylaşım etməyən və qeybə çəkilən tanınmış futbolçu dünən nəhayət, uzun fasilədən sonra ilk dəfə ortaya çıxdı. O, ''instaqram''da sevgilisi Çayna Suares ilə şəkillər paylaşıb.