8 il əvvəl Bəxtiyarı döymək istədi, hələ də cəzalıdı – Maksimov “Araz-Naxçıvan”ı bu oyunlara çıxara bilməyəcək

29.10.2026 10:54 81
Ölkə futbolu / Manşet
Srağagün ölkə kubokunda 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirildi. “Şimal” – “Araz-Naxçıvan” matçında diqqətimizi çəkən məqam “qırmızı-ağlar”ı meydana Zaur İsmayılovun çıxarması oldu. Baş məşqçi Yuri Maksimov isə matçı tribunadan izlədi. İş ondadı ki, klub sentyabrın 21-də sabiq baş məşqçi Cavid Hüseynovla yanaşı, Zaur bəylə də məşqçi müqaviləsinə xitam verildiyini açıqlamışdı.

Məsələyə aydınlıq gətirmək üçün “Araz-Naxçıvan”ın mətbuat xidmətinə göndərdiyimiz sorğuya bu cavab verildi:

“Yuri Maksimov 2018-ci ildə “Keşlə”də (indiki “Şamaxı” – red.) çalışdığı dövrdə 4 kubok matçı üçün cəza alıb. Bu səbəbdən, komandanı meydana çıxara bilmədi. Zaur İsmayılov isə baş məşqçimizin istəyi ilə yenidən məşqçi korpusuna cəlb olunub”.

Maraq üçün qeyd edək ki, Maksimov ölkə kubokunun 2017/18 mövsümünün yarımfinal mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Keşlə” matçının 72-ci dəqiqəsində rəqibin müdafiəçisi Bəxtiyar Həsənalızadəni (o, indi “İmişli”nin formasını geyir) itələyib, ayağına zərbə endirməyə cəhd göstərib. Hadisə Bəxtiyar rəqib futbolçuya “sürüşmə” fəndi edəndən sonra “Keşlə”nin texniki zonasına yaxınlaşdığı vaxt baş verib. Maksimovun hərəkətindən sonra meydanda ara qarışıb. Bu hərəkətə görə baş hakim Əliyar Ağayev baş məşqçiyə qırmızı vərəqə göstərib. Həmin vaxt 4 oyun cəza alan mütəxəssis “Keşlə”ni 3200 manat ziyana salıb.

Xatırladaq ki, “qırmızı-ağlar” 6:0 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Onlar bu mərhələdə 2-ci liqa təmsilçisi “Marafon”la üz-üzə gələcək.

KƏNAN BAHADIR