“Qarabağ”ın oyunlarında tribunalar niyə dolmur?

25.09.2023 22:21 227
Manşet / Avropa Liqası
“Qarabağ”ın “doğma divarlar” arasında “Molde”ni məğlub etdiyi oyunu stadiondan 26500 azarkeş izləyib.

Oyuna TV-dən baxanlar da tribunalardakı boşluqları gördü. Halbuki ən azı qrup oyununa görə fərqli mənzərəyə - anşlaqa ümid etmək olardı. Onu da nəzərə alaq ki, rəqib yetərincə güclü idi, bu, “Qarabağ”ın qrupdakı start oyunu idi, yəni anşlaq yaşanması üçün hər cür əsas var idi. Amma yenə olmadı. Bəs tribunalarda azarkeş sayının azalmasına səbəb nədi? Qiymətlər azarkeşləri qane etmir, yoxsa bilmədiyimiz başqa səbəb var? Bu suallara cavab tapmaq üçün “İmarət” azarkeş qrupunun fəal üzvlərindən Elnur Quliyevlə danışdıq. Onun fikrincə, tribunalardakı boşluqlar qiymətlə bağlı deyil. Elnur Quliyev oyun üçün biletlərin qiymətini (5, 20, 40, 100 manat – red.) normal hesab edir:
“Ölkəmizdə keçirilən müxtəlif konsertlərin bilet qiymətləri “Qarabağ”ın oyunu ilə müqayisədə dəfələrlə artıqdı. Bununla belə, adamlar rahatlıqla bilet alıb konsertlərdə iştirak edə bilirlər. Bu səbəbdən azarkeşlərin stadiona gəlməməsini qiymətin bahalığı ilə əlaqələndirmirəm. Əslində qiymətlər süni şəkildə “qara bazar”da qaldırılır. Sözsüz, 5 manatlıq billet üçqat baha qiymətə satılırsa, azarkeş sayının azalmasına da təsir göstərir. Lakin biletlərin rəsmi satış qiymətlərini uyğun hesab edirəm. Bu səbəbdən əsas görülməli olan tədbir biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almaqdı”.


ADİL NƏHMƏTLİ