“Qarabağ”la “Neftçi” “Kəpəz”in rekordunu yeniləyə bilmədi – azdı, azdı, 13500 azdı!

18.10.2026 11:00 117
Aktual / Ölkə futbolu
Dünən Bakıda futbol bayramı idi. “Qarabağ” – “Neftçi” oyunu afişasını, statusunu doğrultdi, brend elə brenddi ki, biz, yəni Azərbaycan futbolu ilə bu və ya başqa şəkildə bağlı olan hər kəs buna yalnız sevinə bilərik. Kaş azarkeş sayı daha çox olaydı. Əslində 13500 ölkə futbolunun standartları çərçivəsində baxanda az deyil. Ancaq bu say daha böyük ola bilərdi, “Bəhramov”a 20 min adam yığmaq olardı. Hər iki klub və media daha çılğın dəstək versəydi, azarkeşlərin tribunalara cəlb olunması yönündə praktik addımların sayını artırsaydı. İndi Gəncə o yandan “Qarabağ”la “Neftçi”yə deyəcək ki, bacardığınız budu, rekordumuzu yeniləyə bilmədiz. Bəli, cari mövsümün azarkeş rekordu “Kəpəz”ə məxsusdu. Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” oyununu 15000 tamaşaçı izləyib. Nədənsə mənə elə gəlir ki, tezliklə bu rekord yenilənəcək. Bizə yeni tamaşa lazımdı. Yəqin növbəti dəfə baş rolda “Qarabağ”la “Sabah” olacaq.
ORXAN