Bilindiyi kimi Türkiyə Futbol Federasiyası (TFF) oktyabrın 9-da Vinçentso Montella ilə yolların ayrıldığını açıqlamışdı. Montellanın ardından Şenol Günəş, Françesko Kaltsona, Abdulla Avcı və Şenol Günəş kimi mütəxəssislərin adı yığma ilə yanaşı hallanmışdı. Türkiyə mənbələrinin iddiasına görə TFF Arda Turanla anlaşa bilmədikdən sonra diqqətini əcnəbi mütəxəssislərə yönəltmişdi. Amma bu iddialar təsdiqini tapmayıb. Belə ki, “ay-ulduzlular”ın başına buna qədər adı namizədlər arasında hallanmayan sürpriz bir isim – Sərgən Yalçın gətirilib. “Beşiktaş”la 2020/21-də qazandığı “qızıl dublı”dan sonra nüfuzunu bir xeyli artıran bu mütəxəssis üçün dünən federasiyanın Rivadakı mərkəzində imza mərasimi keçirilib. Maraqlıdı ki, indiyə qədər heç bir klubda 2 ildən artıq çalışmayan Yalçın ilə dördillik müqavilə imzalanıb. Beləliklə, Türkiyə yığması beşillik aradan sonra yenidən yerli məşqçiyə əmanət edilib. Komandanı sonuncu dəfə yerlilərdən Şenol Günəş çalışdırıb və o, 2021-in sentyabrında bu vəzifədən ayrılıb.
“Yalçın ayağı ilə basket atan bir insandı”
Qeyd edək ki, dünənki imza mərasimində Türkiyə yığmasında Sərgən Yalçının başçılıq etdiyi məşqçilər korpusunun tam tərkibi də bəlli olub. Yalçının əsas köməkçisi vəzifəsini Murat Kaytaz icra edəcək. 41 yaşlı Kaytaz daha öncə “Beşiktaş”da da onun köməkçisi kimi çalışıb. Bundan başqa Sərhat Mərt baş koordinator, Niyazi Eniseler ilə Əmrə Gürbüz futbolçuların fiziki durumuna cavabdeh məşqçi, Erol Ayçiçək qapıçılar üzrə məşqçi, Tarık Yiğit Eğeli, Muhammet Nuri Püren və Okan Aydınər isə performans analizçisi kimi çalışacaq. İmza mərasimində ilk olaraq söz TFF başqanı İbrahim Hacıosmanoğluya verildi:
“İlk öncə Vinçentso Montellaya bizə gözəl şəkildə xidmət etdiyi üçün təşəkkürümü bildirirəm. Yeni məşqçi seçimində üstünlüyü Sərgən Yalçına verdik. Diqqətimi cəlb edən məqam odu ki, Sərgən Yalçının adını namizədlər arasında görmədim. İşin kəraməti də məhz burdadı. Tutaq ki, 1-2-ci namizədlər arasında yox idi. Amma ilk 6-7 namizəd arasına onun adını necə qoymadız? Bunu anlamadım. Yalçın dəliqanlı və ayağı ilə basket atan bir insandı! Onun futbol zəkasına güvənirik. Sərgən Yalçının futbolçular üçün həm baş məşqçi, həm də böyük qardaş olacağına inanırıq. O, bütün tənqidlərə meydanda cavab verəcək. 17 yaşından Süleyman Səbanın “Beşiktaş”ında böyümüş bir isimdən bəhs edirik. Ona uğurlar arzulayıram. TFF rəhbərliyi olaraq ona rahat şəkildə çalışmaq üçün hər cür imkanı şəraiti yaradacağıq”.
Qardaş ölkənin komandası yeni məşqçinin dönəmində debüt oyununu noyabrın 12-də Millətlər liqasında evdə Belçikaya qarşı keçirəcək.
“Məşqçilik karyeramın ən önəmli günlərindən birini yaşayıram”
Daha sonra söz Sərgən Yalçına verilib. 53 yaşlı mütəxəssis yeni vəzifədə ilk açıqlamalarını verərkən “Lill”in qapıçısı Berke Özərin də yığmaya yolunun açılacağına işarə vurub. Xatırladaq ki, karyerasını “Lill”də davam etdirən Özər 2025-in oktyabrında Bolqarıstanla oyundan öncə adının iştirak ərizəsinə salınmadığını öyrəndikdən sonra yığmanın düşərgəsindən icazəsiz şəkildə ayrılmış və həmin tarixdən etibarən Montellanın “qara siyahısına” düşmüşdü.
Sərgən Yalçını dinləyək:
“TFF rəhbərliyinə təşəkkür edirəm. Futbolçu olduğum dönəmdə də yığmanın formasını böyük qürurla daşıyırdım. Məşqçilik karyeramın ən önəmli günlərindən birini yaşayıram. Yığma komanda hər şeydən öndə gəlir. Birlikdə bir çox uğurlu günlər yaşayacağımıza inanıram. Bu yolda hər kəsə ehtiyacımız olacaq. Futbolda bəzən işlər yaxşı, bəzən də pis gedir. Yığma komanda və birlikdə hərəkət etmək duyğularını ön plana çıxarmağa çalışacağıq. Mən artıq xalqın baş məşqçisiyəm. Buna görə də bu yolda hər kəsə ehtiyacımızın olduğunu dedim. Yığma komandaya olan sevgini və marağı geri qaytaracağıq. Xalqımız yenə yığma ilə yatıb-qalxacaq. Asan dönəmdən keçmirik. Qarşıdan bizi Avropa və dünya çempionatının seçmə mərhələləri gözləyir. Yığmada yalnız yerli futbolçuların oynadığını nəzərə alsaq, baş məşqçinin də yerli olmasının böyük önəm kəsb etdiyini düşünürəm. Yığmanın qapısı bütün oyunçulara açıqdı. Eləcə də siz jurnalistlər hər zaman istədiyiniz şeyi məndən soruşa bilərsiz. Heyəti ədalətli şəkildə qurmağa çalışacağıq. Yığma elə bir nöqtədi ki, bura oyunçu cəlb edərkən kimin hansı klubda oynadığına baxmaq düzgün deyil. Çünki yığma komanda hər şeyin üzərindədi. Mən də hazırda çox həyacanlıyam. Çünki böyük bir məsuliyyəti üzərimə götürürəm. Xalq da bizim arxamızda olacaq və hamımız birlikdə mühüm bir işi bacaracağıq. Millətlər Liqasında durumumuz yaxşı deyil. O turnirlə bağlı növbəti addımlarımızı bundan sonra müəyyənləşdirəcəyik. Bu gün burda oyunçular və sistem haqda danışmağın yeri deyil. Bu gün başqa bir gündü, imza günüdü... Berke Özərlə bağlı bizdən öncə yaşanan bir problem var. Oyunçular bəzən səhvə yol verə bilirlər. Berke ilə danışmışam və yığmaya qayıtmağı çox istəyir. Bunlar həll olunmayacaq problemlər deyil. Gənc oyunçuları yığmaya qazandırmaq bizim vəzifəmizdi. Tənqidlərə açığıq. Zatən karyeram ərzində tənqidlərə alışmışam. Ancaq biz doğru bildiyimiz yoldan irəliləyəcəyik. Vaxtından tez danışmaq düzgün deyil. Nələr olacağını görəcəyik. Planlarımızı və hədəflərimizi zaman ötdükcə daha aydın görəcəyik. Mən həm nəhənglərdə, həm də düşmə təhlükəsi yaşayan Anadolu klublarında çalışmışam. Eləcə də futbolçu kimi dörd böyük klubda top qovmuşam. Bu baxımdan kifayət qədər təcrübəm var. Nəticənin hər şeydən önəmli olduğunu bilirəm. Bizim gördüyümüz iş nəticədən asılıdı. Nəticə olduğu müddətdə problem olmayacaq. Bəlkə də oyun bəyənilməyəcək. Amma nəticə yaxşı olduğu müddətdə problem olmayacaq. İnşallah uğurlu olacağımızı düşünürəm. Yığma komandanı hər birimizin görmək istədiyi səviyyəyə gətirəcəyik”.





