Bu mükafatı heç də tarixdə iz buraxmış hər ulduz futbolçu qazana bilmir. Bəzi ulduzlar isə karyeraları ərzində “Qızıl top”un səsverməsində heç ilk “3-lüy”ə də düşə bilməyiblər. Gəlin, həmin ulduzları xatırlayaq.
Qaret Beyl (maksimum tutduğu yer 6 )
Beyl 2012/13-də “Tottenhem”də “meydan sulasa” da, mövsümü titulsuz bitirdiyindən səsvermədə yalnız 9-cu oldu. Onun “Real” karyerasına münasibət birmənalı olmasa da, Beyl iki ÇL finalında qələbə qolları vurmaqla adını klub tarixinə yazdırıb. 2015/16-da La Liqada 19 qol vurmasına, ÇL-i qazanmasına, Uels yığmasını AÇ-2016-da yarımfinala daşımasına baxmayaraq, həmin il səsvermədə yalnız 6-cı pilləni tutdu. Sonrakı illərdə isə karyerasında yavaş-yavaş eniş yaşamağa başladı.
Françesko Totti (5)
Bəlkə də italiyalı əfsanə “Roma”ya bu dərəcədə sadiqlik nümayiş etdirməyib top-klublardan birinə yollansaydı, nəinki “üçlüy”ə düşmək, hətta bu mükafatı qazanmaq şansı da artardı. Françeskonun karyerasının zirvə nöqtəsi 2000-01-ci illərə təsadüf etdi. O, AÇ-2000-i əla keçirdi və 2000/01-də “Roma” ilə çempion oldu. Ancaq bu uğurlar 2001-in səsverməsində yalnız 5-ci pilləni tutmaq üçün kifayət etdi.
Məhəmməd Salah (4)
Afrikalı ulduzların “Qızıl top” səsverməsində ilk “3-lüy”ə düşməsi çox nadir hadisədi. 1995-ə qədər, ümumiyyətlə, qalib yalnız yalnız avroplılar arasından seçilirdi. Salah 2018-19-cu illəri əla keçirmişdi. 2018-də 44 qol vurmuş, ÇL-də qalib gəlməyin biraddımlığına qədər yaxınlaşmış və Misir yığması ilə mundialda yer almışdı. Ancaq həmin il səsvermədə yalnız 6-cı, ÇL-i qazandığı, hətta finalda qol da vurduğu 2019-da isə yalnız 5-ci ola bildi. Faktiki karyerasının ən yaxşı göstəricisinə ötən il, yəni 33 yaşında nail oldu. 2025-dəki səsvermədə 4-cü pilləni tutdu.
Zlatan İbrahimoviç (4)
Zlatan da bütün karyerasını sabit keçirən, saysız-hesabsız titullar qazanan, amma “Qızıl top”a yaxın düşə bilməyən ulduzlardandı. Onun belə aqibətlə üzləşməsində, heç şübhəsiz, heç vaxt ÇL-in finalında oynaya bilməməsi və İsveç kimi ortabab yığmanın şərəfini qoruması da müəyyən rol oynayıb. Ancaq digər tərəfdən İbrahimoviçin adı nə az, nə çox – düz 10 dəfə namizədlər arasında olub. O qatıldığı bütün səsvermələrdə ən azı ilk “15-liy”ə düşməyi bacarıb. Ən yaxşı nəticəsi isə 2013-cü ilə təsadüf edib. Həmin il Zlatan yalnız Kriştiano Ronaldo, Lionel Messi və Frank Riberini özündən irəli buraxaraq 4-cü pilləni tutmuşdu.
Aryen Robben (4)
Robben də öz dönəminin mühüm ulduzlarından olan, amma heç vaxt ilk “3-lüy”ə düşə bilməyən futbolçulardandı. 2012/13-də Avropada titul qoymayan, mövsümü trebl ilə başa vuran “Bavariya”nın liderlərindən biri məhz Robben idi. Özü də ÇL-in finalında qələbə qolunu məhz Robben vurmuşdu. Amma ümumi fikir belədi ki, həmin il “Bavariya”nın digər ulduzu Riberi “Qızıl top”a daha çox layiq idi. Robben o səsvermədə yalnız 8-ci oldu. Bir ildən sonra bu futbolçu Niderland ilə mundialda bürünc medalları qazandı və “Bavariya” ilə “qızıl dubl” etdi. Bu isə ona maksimum 4-cü pilləni qazandırdı.
Andrea Pirlo (5)
İtaliyanın daha bir əfsanəsi “Qızıl top” səsverməsində 5-ci pillədən yuxarı qalxa bilməyib. O ən yaxşı göstəricisinə 2007-də nail olub. Pirlonun oyununa yalnız qol və məhsuldar ötürmə sayına görə qiymət vermək düzgün deyil. Amma digər tərəfdən bu mükafatı güclü statistikaya malik olmadan qazanmaq çətin məsələdi. Andrea isə bu məsələdə heç vaxt təvazökarlığından geri qalmayıb:
“Xavi və İnyesta heç vaxt bu mükafatı qazanmayıblarsa, deməli, mən heç onun yaxınına da düşməməliyəm”.
Luis Suares (4)
Uruqvaylı superulduz bir dəfə hətta “Qızıl top”u əlində də saxlayıb. Bu hadisə 2021-də olmuşdu. Amma o bunu yalnız mükafatı Messiyə vermək üçün etmişdi. Luis 3 fərqli klub – “Liverpul”, “Barselona” və “Atletiko” ilə “Qızıl top”a namizədlər arasında yer alıb. 2015-də 5-ci pilləni tutub. 2016-da hətta Neymarı da üstələməyi bacarıb. Amma “üçlüy”ə düşə bilməyərək yalnız 4-cü pillə ilə kifayətlənməli olub.
Uesli Sneyder (4)
Ümumi rəyə görə 2013-də Riberiyə, 2010-da isə Sneyderə haqsızlıq edilib. Amma Riberi, heç olmasa, layiq olduğu ildə “3-lüy”ə düşmüşdüsə, Sneyderə heç bunu da layiq görmədilər. “İnter” ilə trebl qazanmaq, Niderland ilə mundialın finalında oynamaq və ÇL-in ən yaxşı yarımmüdafiəçisi seçilmək səsvermədə yalnız 4-cü pillə üçün kifayət etmişdi. Həmin mövsümün böyük hissəsini zədədən əziyyət çəkən, o qədər də inamlı görünməyən və yeganə uğuru DÇ-nin finalında qələbə qolunu vurmaq olan İnyesta isə səsvermədə 2-ci pilləni tutmuşdu!
Serxio Ramos (6)
“Real”ın tarixinə damğa vurmuş ulduz müdafiəçi səsvermələrdə heç “5-liy”ə də düşə bilməyib. Baxmayaraq ki, iki dəfə ÇL-in finalında qol vurub, yarımfinalda dubl edib və saysız-hesabsız titullar qazanıb. 2017-də karyerasında 3-cü ÇL-i qazandıqdan sonra Ramos ən yaxşı göstəricisinə nail olaraq 6-cı pilləni tutdu. Qalan illərdə isə onun ən yaxşı göstəricisi 19-cu (!) pillə olub.
Harri Keyn (10)
Bu yazı qələmə alınanda builki səsvermənin nəticələri hələ bəlli deyildi. Keyn, çox güman, bu dəfə “3-lük”də yer alacaq. Hətta onun “Qızıl top”u qazanmaq şansı da yüksəkdi. Ancaq əvvəlki nəticələrindən danışırıqsa, İngiltərə yığmasının kapitanı heç vaxt 10-cu pillədən yuxarı qalxmayıb. Düzdü, karyerasının böyük hissəsini XXI əsrdə cəmi bir titulu olan “Tottenhem”də keçirməsi də öz sözünü deyib. Keyn yalnız “Bavariya”ya keçəndən sonra ilk titullarını qazanmağa başladı. 10-cu pilləni isə o, 2018 və 2024-dəki səsvermələrdə tutub.




