“Son günlər İtaliya və xarici KİV-də yayılan məlumatlarla bağlı mövqeyimi aydınlaşdırmağı vacib hesab edirəm. Adım bir çox klublarla hallanıb, lakin hazırda heç biri ilə danışıqların son mərhələsində deyiləm. “Napoli”də keçirdiyim möhtəşəm və uğurlu dövrdən sonra məşqçiliyə nə vaxt və necə qayıdacağımı düşünmək üçün özümə vaxt ayıracam. Bu, şərtlərin uyğun olduğunu hesab etdiyim zaman verəcəyim, hərtərəfli düşünülmüş qərar olacaq. Klublardan maliyyə tələbləri irəli sürdüyüm, transferlərə tam nəzarət istədiyim və ya çətin xarakterimlə bağlı narahatlıqlar olduğu barədə xəbərləri oxumuşam. Bu iddiaların heç bir əsası yoxdu və hazırda belə qiymətləndirmələr üçün real zəmin mövcud deyil”.
Xuan Laporta, “Barselona”nın prezidenti:
“Artıq münasibətlərimiz yoxdu. Hətta deyərdim ki, hazırda “Real” ilə qarşıdurma içindəyik. Onlar diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar. Hakimlərə qarşı etirazlara gəlincə, “Real”ın bu cəhdləri heç bir nəticə verməyib. Onlar diqqəti yayındırmaq istəyirlər, amma buna nail ola bilmirlər. “Real” həm institusional səviyyədə, həm də meydanda etimadını itirib. Artıq rəhbər strukturlarda təmsil olunmurlar. Düşünürəm ki, yanlış yol seçiblər və bunun əvəzini ödəyirlər. Çox sayda bahalı futbolçuya pul xərcləyiblər, amma həmin oyunçular gözlənilən nəticələri vermirlər”.
Joze Mourinyo, “Real”ın baş məşqçisi (komandanın hücumçusu Vinisius Juniorun İspaniya La Liqasında 4 oyunluq diskvalifikasiya olunmasına münasibəti):
“Sizcə, İspaniya klubunun futbolçusunun dörd oyunluq diskvalifikasiya olunduğunu matça bir saat qalmış öyrənməsi normaldı? Bunu indi, Çempionlar Liqasında “Roma” ilə oyundan sonra, yaxud sabah səhər açıqlamaq olmazdı? O, bunu mütləq komandanın avtobusunda öyrənməli idi? Onların vicdanı yoxdu. Artıq özlərini gizlətmirlər. Matça bir saat qalmış futbolçunu psixoloji cəhətdən məhv etməyə çalışıblar. Niyə? Bu, İspaniya komandasıdı, ona zərər vurmağa nə ehtiyac var?”
Andoni İraola, “Liverpul”un baş məşqçisi:
“Frimponqun yeni əzələ zədəsi aldığı aydındı. Bu, meydana daxil olduqdan iki-üç dəqiqə sonra baş verdi. Belə halları əvvəlcədən proqnozlaşdırmaq çətindi. İndi onun bərpasını gözləməliyik. Qorxuram ki, milli komandaların oyunları ilə bağlı fasiləyədək ondan istifadə edə bilməyək. Soboslaiyə gəlincə, bu, yeni zədə deyil. Problem ötən həftə zədələndiyi nahiyədə yaranıb. Zədə ağırlaşmayıb, amma tam sağalması üçün bir qədər səbirli olmalıyıq. Onun qayıdışını uzun müddət gözləməyəcəyik. Vəziyyəti təxminən ötən həftədə olduğu kimidi”.
Xviça Kvaratsxeliya, PSJ-nin yarımmüdafiəçisi (Çempionlar Liqasının “Barselona” ilə oyununda sağ dizinin ön çarpaz bağlarının qırılmasından sonra sosial şəbəkə hesabında etdiyi paylaşımı):
“Bəziləri belə düşünürdü ki, dünyadakı bütün futbolçular dua etsəydilər, hər oyun heç-heçə ilə başa çatardı. Bəlkə də, elədi. Amma mən hər oyundan əvvəl meydanı sağlam tərk etmək üçün Tanrıya dua edirdim. Təəssüf ki, bu dəfə dualarım qəbul olmadı. Bir sual hələ də beynimdən çıxmır: niyə məhz mən? Heç vaxt özümə yazığım gəlməyib. Əksinə, bu oyuna, yəqin ki, digərlərindən daha yaxşı hazırlaşmışdım. Mənə elə gəlirdi ki, hər şeyə hazıram, amma belə bir vəziyyətə yox. Bununla belə, başa düşürəm ki, Tanrı məni seçib. Bunun sayəsində meydandakı digər futbolçular ağır zədə almaəyıblarsa, qarşıdakı aylar ərzində məni gözləyən ağır zəhmətə, ağrıya və göz yaşlarına dözməyə hazıram. Bilirəm ki, hər zaman yanımda olan adamların naminə daha güclü qayıtmalıyam. Sizi məyus etməyəcəm, əlimdən gələni edəcəyimə söz verirəm. Dəstəyinizə görə hər kəsə təşəkkür edirəm. Tezliklə görüşənədək”.
Lui van Qal, Niderland yığmasının sabiq baş məşqçisi:
“UEFA-nın 36 klubun iştirakı ilə belə format təklif etməsi, sadəcə, absurddu. İndi istənilən komanda Çempionlar Liqasında oynaya bilər. UEFA yalnız pul qazanmağı düşünür. Bu, korrupsiyalaşmış dünyadı. Hokkeydə olduğu kimi sistem qurulmalıdı: A divizionu, B divizionu və sair. Əlbəttə, Avropa Liqası və Konfrans Liqası da var, amma UEFA bu turnirlərdən, sadəcə, əlverişli pərdə kimi istifadə edir. Turnirin adı Çempionlar Liqasıdı, elə deyilmi? Orda ən yaxşı komandalar oynamalıdı. Bu halda komandalar arasındakı səviyyə fərqi azalardı. Bəlkə də qolların sayı azalardı, amma oyunlar daha yüksək səviyyədə keçər, futbolun keyfiyyəti xeyli artardı. Oyunların sayı həddindən artıq çoxalıb. Bu, qismən Çempionlar Liqasının yeni, genişləndirilmiş liqa mərhələsi ilə bağlıdı. Nəticədə zədələrin sayının artdığını görürük. Matçların sayından daha çox keyfiyyətə üstünlük verilməlidi. Bu, daha baxımlı və yüksək səviyyəli oyunların keçirilməsinə, eyni zamanda zədələrin azalmasına imkan yaradardı. Mən bu barədə hələ 20 il əvvəl UEFA-ya demişdim, amma orda məni heç vaxt dinləməyiblər”.
Serj Qnabri, “Bavariya”nın hücumçusu (Çempionlar Liqasında “Arsenal”a qarşı oyun barədə fikirləri):
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur. Mən orda böyümüşəm və bu matçı səbirsizliklə gözləyirəm. Sonuncu dəfə Londonda oynamışdıq. Vaxtilə birlikdə oynadığın şəxsin məşq etdiyi komandaya qarşı meydana çıxmaq bir qədər qeyri-adidi. Qalib gəlmək istəyirik və ən vacibi də budu”.
Tibo Kurtua, “Real”ın qapıçısı:
“Tezliklə klubla müqaviləmi yeniləyəcəm. Sadəcə, bir neçə xırda detalı həll etmək lazımdı. “Real”da daha bir il qalacağım üçün çox sevinirəm”.
Stiven Cerrard, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi:
“Gəlin, sadəcə, onun möhtəşəm oyunundan zövq alaq. Bilirsiz, o, bəlkə də İngiltərə tarixinin ən yaxşı futbolçusudu. Ona verə biləcəyim ən böyük tərif budu. Çünki İngiltərənin böyük futbolçularından danışanda Harri Keyn də onların sırasındadı”.
Luis Enrike, PSJ-nin baş məşqçisi (ağır zədələnən yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın yerinə yeni futbolçu transferi məsələsi ilə bağlı suala cavabı):
“Heç bir zədə faktı yeni futbolçu transfer etməli olduğumuz anlamına gəlmir. Mövsümün əvvəlində demişdim ki, ciddi zədələr olsa belə, bunun öhdəsindən gələ bilərik. Ancaq transfer imkanlarına açığıq. Bu, nəzərdən keçirə biləcəyimiz variantlardan biridi”.
Lui van Qal, Niderland yığmasının sabiq baş məşqçisi:
“UEFA-nın 36 klubun iştirakı ilə belə format təklif etməsi, sadəcə, absurddu”.
RAMİL YUSİFOV hazırladı





