''Şaxtyor'' Arda Turanı Türkiyə yığmasına buraxmadı!

10.10.2026 15:00 36
Dünya futbolu
Xəbər verdiyimiz kimi Türkiyə yığmasında Vinçentso Montella dönəmi dünən rəsmən başa çatdı. Türkiyə Futbol Federasiyasının idarə heyətinin toplantısının ardından italiyalı mütəxəssislə yollar ayrıldı.

Mətbuatda yavaş-yavaş bu vəzifəyə yeni namizədlər peyda olmağa başlayır. Türkiyə mənbələrinin yazdığına inansaq, qeyri-adi bir şey baş verməsə, ''ay-ulduzlular'' yola yerli məşqçilərdən biri ilə davam edəcək.

Bu arada federasiyanın gündəminə gələn ilk mütəxəssisin Arda Turan olduğu üzə çıxıb. Məşqçi karyerası yüksələn qrafiklə davam edən və ''Şaxtyor''un başında önəmli işlərə imza atan 39 yaşlı mütəxəssisi Türkiyənin baş məşqçisi vəzifəsində görmək həqiqətən maraqlı olardı. Ancaq şayiələrə inansaq, ''Şaxtyor'' rəhbərliyi Turan ilə yolların ayrılması məsələsini heç yaxına da buraxmayıb. Donetsk təmsilçisi TFF-nin danışıqlara başlamaq təklifini dərhal geri çevirib. ''Şaxtyor'' bununla da son bir ayda Türkiyədən gələn ikinci təklifi rədd edib.

Daha öncə ''Trabzonspor'' Fatih Təkkə ilə yollarını ayırdıqdan sonra diqqətini Arda Turana yönəltmişdi. Özü də qaradənizlilər bu məşqçiyə Türkiyə standartlarına görə astronomik bir məvacib təklif etmişdi. Amma ''Şaxtyor'' Arda Turanı buraxmaqdan imtina etmişdi.

Məşqçi karyerasına 2023-də ''Eyüpspor''da başlayan və bu klubu tarixində ilk dəfə elitaya daşıyan Turan 2025-in iyulundan ''Şaxtyor''u çalışdırır. Ukraynada ilk mövsümdəcə məşqçilik karyerasının birinci çempionluğunu yaşayan türkiyəli mütəxəssisin ''Şaxtyor''la 2027-nin yayına, yəni cari mövsümün sonuna qədər müqaviləsi var.