''Qalatasaray'' Tarkana ''yox'' dedi!

22.09.2026 19:26 18
Dünya futbolu
''Qalatasaray''ın ev oyunlarını keçirdiyi, eləcə də gələn il İspaniya superkubokunun finalına ev sahibliyi edəcək ''Rams Park'' stadionu ilə bağlı diqqətçəkən bir iddia ortaya atılıb.

Türkiyəli jurnalist Əli Naci Küçükün paylaşdığı xəbərə görə özəl banklardan biri əvvəlcə Tarkanla anlaşaraq ünlü sənətçinin konsertinə sponsorluq etməyə razılıq verib. Daha sonra həmin bankın rəsmiləri konsertin ''Rams Park'' stadionunda keçirilməsi üçün ''Qalatasaray''la danışıqlara başlayıb. İlk təklif bu ilin fevralında edildi. İlk görüşdən sonra İstanbul nəhənginin rəhbərliyi konsertin qarşılığında bankdan və təşkilatçılardan 1 milyon avro tələb etdi.

Klubun fikrincə, konsertdən sonra ''Rams Park''ın ot örtüyünün yenilənməsi və qorunması üçün tələb olunan məbləğ məhz bu qədərdi. Daha sonra danışıqlar bir neçə aylığa dayandırıldı və aprelin sonlarında təşkilatçılar yenidən ''sarı-qırmızılar''la əlaqə saxladı. Ancaq bu dəfə klub ümumiyyətlə danışıqlar aparmaqdan imtina etdi!

''Qalatasaray'' qarşı tərəfə konkret olaraq öz stadionunda konsert keçirilməsini istəmədiyini dedi. Özü də bu olay konsertin baş tutmasına təxminən ayyarım qalmış baş verdi.

İddiaya görə hadisələrin bu cür axarından sonra konsertin təşkilatçıları ''Qalatasaray''dan çox ciddi narazılıq ediblər. Beləcə Tarkanın ''Rams Park''da planlaşdırılan konserti belə demək mümkünsə, son anda baş tutmayıb.