''Qalatasaray''ın müqavilə müddəti mövsümün sonunda başa çatacaq qapıçı Jankat Yılmaz ilə bağlı qərarı məlum olub.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi öz yetirməsi olan 22 yaşlı istedadlı əlcək sahibinə yeni müqavilə təklif edib.
''Cim-Bom'' 2017-dən öz akademiyasında yetişən Yılmazı əldən vermək istəmir və ona dördillik müqavilə təklif edib. 2024/25-də icarə əsasında ''Adanaspor''da, ötən mövsüm isə ''Eyüpspor''da çıxış edən Türkiyənin gənclər yığmasının üzvü bu yay yoxlama oyunlarındakı performansı ilə diqqət çəkmişdi.
''Qalatasaray''a geri döndükdən sonra Okan Burukun da diqqətini cəlb edən Jankat Yılmaz Günay Güvənçi geridə qoyaraq ikinci qapıçı statusuna yüksəldi. O bu mövsüm artıq rəsmi oyunda da debüt etməyə macal tapıb. 3-cü turda ''Göztəpə'' ilə ev oyununda əsas qapıçı Uğurcan Çakırın ağrıları olduğu üçün qapını Yılmaz qorumuşdu.
Bu arada yeni müqavilə ilə bağlı bu qapıçının ailəsinin ''Qalatasaray'' rəhbərliyindən maraqlı bir tələbi olub. Türkiyə mətbuatının yazdığına inansaq, Jankatın hədəfi ya ''Qalatasaray''ın birinci qapıçısı olmaq, ya da Avropaya yollanmaqdı. Bu üzdən Jankatın ailəsi müqaviləyə Avropadan gələn təkliflər üçün aşağı məbləğdə bir satış maddəsinin salınmasını istəyiblər. Yəni onlar Avropadan təklif gəldikdə rəhbərliyin daha az məbləğə Jankatı buraxmasını istəyirlər.
''Qalatasaray''ın bu tələblə razılaşacağı və bu qapıçı ilə tezliklə yeni müqavilə imzalanacağı gözlənilir.
''Qalatasaray''ın qapıçısı yeni müqavilə qarşılığında rəhbərlikdən nə tələb etdi?
Dünya futbolu





