''Beşiktaş'' qapıçı problemini yoluna qoyub. İstanbul nəhəngi birdən-birə iki qapıçı transfer edib.
Yeni mövsümdə komandanın əsas əlcək sahibi Aleksander Nübel olacaq. ''Beşiktaş'' həm almaniyalı futbolçunun özü, həm də onun müqavilə ilə məxsus olduğu ''Bavariya'' ilə anlaşıb. Gün ərzində son detalların tamamlanacağı və təcrübəli qapıçının İstanbula gələcəyi gözlənilir. Avropa Liqasının 2-ci təsnifat mərhələsində ''Midtüllann'' ilə oyunlarda məhz Nübelin qapını qoruyacağı güman edilir.
Bu transfer ''Beşiktaş''a 6,5 milyon avroya başa gələcək. Müqavilədə 5 milyon avroya qədər bonuslar da nəzərdə tutulub. ''Qartal''ın 8 milyon avroluq ilk təklifi münhenlilər tərəfindən geri çevrilmişdi. Nübel ilə dördillik müqavilə imzalanacaq. Onun illik maaşı isə 5,5 milyon avro təşkil edəcək.
Ulduzu ''Şalke-04''də parlamış 29 yaşlı qapıçı 2020-dən ''Bavariya''ya məxsusdu. Amma o, 2021-23-də icarə əsasında ''Monako''da top qovmuşdusa, 2023-dən bu yana ''Ştutqart''da icarədə çıxış edirdi. 2025-də şvabiyalılarla ölkə kubokunun qalibi olan Nübel ötən mövsüm bu klubda forma geydiyi 46 rəsmi oyunda 69 qol buraxıb ki, bu da hər oyuna 1,4 buraxılan qol deməkdi.
''Beşiktaş''ın keçidini tamamlamaq üzrə olduğu digər qapıçı Doğan Aləmdardı. ''İstanbul BŞ'' ilə aparılan danışıqlar uğurla yekunlaşmaq üzrədi. Qeyri-adi bir şey baş verməsə, yeni mövsümdə ikinci qapıçı statusunu məhz Doğan Aləmdar daşıyacaq. Daha öncə Fransa çempionatında ''Renn''in şərəfini qoruyan 23 yaşlı əlcək sahibi ötən yay 1,2 milyon avroya ''İstanbul BŞ''yə transfer olundu. Amma geridə qoyduğumuz mövsümdə o, cəmi 6 rəsmi oyuna çıxa bildi.
Onu da bildirək ki, ötən mövsüm ''Beşiktaş''ın əsas qapıçısı olan və artıq müqavilə müddəti başa çatan Ərsin Destanoğlu uzun müddətdi, ''Hall Siti'' ilə danışıqlar aparır və İngiltərəyə yollanmağa yaxındı.