Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” noyabrın 25-də Bakı Olimpiya Stadionunda Avropa nəhəngi “Barselona”nı qəbul edəcək. 69870 yerlik arenada keçiriləcək qarşılaşma üçün biletlər əvvəlcə 4 ev oyununu əhatə edən kombo şəklində, daha sonra isə hər matç üzrə fərdi qaydada satışa çıxarılmışdı.
“Barselona” ilə görüşün biletlərinin tək halda satışa çıxarıldığı anda tükəndiyini xəbər vermişdik. Daha sonra “bayquşlar” 1500 manatlıq biletləri də satışa təqdim etdi. Hazırda “İticket”in rəsmi saytında yalnız bu qiymətə cəmi 111 bilet mövcuddu.
Klub artıq 50 minə yaxın biletin satıldığını açıqlayıb. Bu isə BOS-da hələ təxminən 19 min yerin qaldığını göstərir.
Paytaxt təmsilçisinin sosial şəbəkələrdəki paylaşımlarının şərh bölməsində azarkeşlər 50, 75 və 100 manatlıq biletlərin hələ satışa çıxarılmadığını bildirir, onların nə vaxt təqdim olunacağı ilə maraqlanırlar.
Bəs “Sabah” “Barselona” ilə qarşılaşma üçün nəzərdə tutulan 50, 75 və 100 manatlıq biletləri niyə satışa çıxarmır? Klub nəyi gözləyir? Ümumiyyətlə, bu qiymət kateqoriyalarında biletlər satışa təqdim olunacaqmı? Bu suallara aydınlıq gətirmək üçün “Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisinin sözlərinə görə, göstərilən qiymətə olan biletlərin tezliklə satışa çıxarılması nəzərdə tutulub. Bu barədə öncədən məlumat verəcək.
İSRAYIL XEYRULLAYEV
BOS-da 19 min boş yer var - “Sabah” 50, 75, 100 manatlıq biletləri niyə satışa çıxarmır?
Dünya futbolu





