Artıq belə qənaət formalaşmaqdadı ki, “Sabah” hazırda göstərdiyi oyunla qalan iddialılardan ən azı bir addım öndə görünür. “Football-plus.az” məsələ ilə bağlı fikrini öyrənmək üçün təcrübəli mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb:
“Mən əslində məsələyə bir qədər başqa cür yanaşardım. Burda iki komandanı ayırmaq lazımdı: “Qarabağ” və “Sabah”, həmçinin “Neftçi” və “Turan”. İndiyəqədərki çıxışlarına əsasən mənə elə gəlir ki, “Neftçi” və “Turan” xal toplamaq potensialı baxımından “Sabah”la “Qarabağ”dan bir qədər geridə görünür. Amma “Qarabağ”la “Sabah”ı müqayisə etsək, “Sabah” daha yaxşı və daha sistemli komandadı. Xüsusilə oyunları qazanmaq baxımından bunu qeyd etmək olar. “Sabah” hazırda çox yaxşı dinamika içindədi. Beynəlxalq səviyyəli oyunlar keçirdikcə futbolçuların özünəinamı da artır. Bu da komandanın motivasiyasına təsir edir, onu digər rəqiblərdən fərqləndirən amillərdən birinə çevrilir. Çempionluq mübarizəsində hazırkı vəziyyəti nəzərə alsaq, “Sabah”ın “Qarabağ”dan bir addım öndə olduğunu demək olar. Amma bu, uzun bir marafondu və “Sabah” üçün heç də asan olmayacaq. Çünki “Qarabağ”, eləcə də “Neftçi” və “Turan” “Sabah”ın rahat şəkildə xal toplayaraq rəqiblərindən uzaqlaşmasına imkan verməyəcəklər. Xüsusilə “Qarabağ”ı qeyd etmək lazımdı. Komandanın heyətində böyük dəyişikliklər baş verib. Ona görə də oyunlar keçdikcə onların da performansının və oyun keyfiyyətinin indikindən daha yaxşı olacağını düşünürəm. Bu dörd komandanın bir-birinə qarşı keçirəcəyi oyunlardan sonra çempionluq uğrunda kimin daha yüksək şanslara malik olduğu müəyyən qədər aydınlaşacaq. Biz də səbirsizliklə həmin qarşılaşmaları gözləyirik”.
İSRAYIL XEYRULLAYEV






