Toral Bayramov bu dəfə 36-cı dəqiqədə əvəzləndi – belə səhv olar?

20.09.2026 00:06 90
Dünya futbolu
Bu gün Türkiyə çempionatının 1-ci liqasında 8-ci turun dörd oyunu keçirilib.

Toral Bayramovun şərəfini qoruduğu “Bursaspor” “Batman Petrolspor”un qonağı olub. Bu oyunda maraqlı hadisələr baş verib.

Belə ki, “yaşıl timsahlar” 29-cu dəqiqədə qapısında qol görüb. “Bursaspor”un baş məşqçisi Mustafa Ər 36-cı dəqiqədə iki futbolçunu əvəzləyib ki, bunlardan biri də Toral Bayramov olub. 2-ci hissədə oyunun axarı kəskin dəyişib. 60-cı və 85-ci dəqiqələrdə iki qol vuran İheanaço “Bursaspor”a qələbə qazandırıb.

Adı çəkilən komanda bu oyundan sonra 19 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 2-ci pillədəki “Kayserispor”un 16 xalı var. Düzdü, kayserilililər bir oyun az keçirib.

“Football-plus.az” “Batman Petrolspor”un 29-cu dəqiqədə vurduğu qoldan Toralın günahının olub-olmadığını da araşdırıb. Təəssüf ki, həmvətənimizin çox ciddi səhvi var. O əvvəlcə sol cinahda mübarizə zamanı rəqibin 7 nömrəli oyunçusu Mikael Birona uduzur, nəticədə meydan sahibləri künc zərbəsi qazanır. Künc zərbəsi zamanı isə Toral hava mübarizəsində venesuelalı Serxio Kordovaya uduzur.

Kəsəsi, Bayramov haqlı yerə əvəzlənib və narazılıq etməyə qətiyyən haqqı yoxdu. Mənə inanmayan “yutub”da oyunun görüntülərinə baxa bilər. Yazıqlar olsun!

ORXAN