"Qurban Qurbanovun əli-qolu bağlı idi" - Aslan Kərimov baş məşqçinin taktiki qərarlarını şərh etdi

31.08.2026 00:00 12
Ölkə futbolu / Manşet
Hələ də "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında "Tvente"yə uduzması (1:4), avrokubokların liqa mərhələsində iştirak etmək hüququnu əldən verməsi müzakirə olunur. Tənqid oxlarının əsas hədəfi isə baş məşqçi Qurban Qurbanovdu. Mütəxəssisin beşli müdafiə xəttinə üstünlük verməsinin yanlış addım olduğu, əvəzetmələrlə bağlı doğru qərarlar vermədiyi və başqa taktiki səhvlər ilə yadda qaldığı iddia olunur.

Baş məşqçinin son oyundakı taktiki qərarlarını şərh etməsi üçün Aslan Kərimova müraciət etdik. Mütəxəssisin "Football-plus.az"a cavabı:

"Gəlin, bu məsələyə fərqli yanaşaq. Təbii ki, nəticə yoxdusa, konstruktiv tənqidin yeri var. Məncə, Qurban Qurbanov hansı səhvlərə yol verdiyindən xəbərdardı. Tənqidlər məhz həmin məsələlərlə əsaslandırılsa, hansısa problem olmaz. Sadəcə, futbola aidiyyatı olmayan adamların bu barədə danışması gülüncdü. Hər halda, futbolun bu tərəfi də var. Qarşısını almaq olmur. Mənə gəlincə, komandanın içində olmadan, futbolçuların durumundan, hazırlıq prosesindən xəbərdar olmadan komandanı tənqid etmək düzgün deyil. Bu üzdən, dediklərim tənqid sayılmasın. Bəli, "Qarabağ" səfərdə qol vurandan sonfa beşli müdafiə sistemi ilə oynadı və bəhrəsini gördü. Rəqib təhlükəli vəziyyətlər yarada, qol vura bilmədi. Qısası, uğurlu alındı. Bu səbəbdən, Bakıda da eyni sistemlə oynadı. Amma bu dəfə alınmadı. İndi necə tənqid edəsən? İnanın, dördlü müdafiə sistemi ilə oynayıb, qollar buraxsa, deyəcəklərdilər, niyə "beşli" oynamadın? O başqa məsələ ki, "Qarabağ" topa sahib olmaqla oyun quran komandadı. "Tvente" bu baxımdan komandamızı üstələdi. Ancaq müdafiə olunmağa çalışdıq, əks-hücumlara bel bağladıq. Belədə "Tvente" "Qarabağ"ın öz oyununu göstərməsinə imkan vermədi. Yəni əsas məsələ "Qarabağ"ın niyə bu qədər geri çəkilməsidi. Əminəm ki, bu tapşırığı Qurban Qurbanov verməyib. Sadəcə, "Tvente" rəqibini buna məcbur etdi. Çünki "Qarabağ"ın əksər oyunçuları yenidi, bir-birinə uyğunlaşmayıblar, zədəliləri də var idi. Bununla belə, daha əvvəl "Qarabağ"ın üstün olmadıqları matçlarda cinah oyunçuları orta sahəyə daxil olur, qollar vururdular. Düzdü, Musa Qurbanlı özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Ancaq hiss olundu ki, hələ zədədən sonra tam formasına qayıtmayıb. Həmçinin "Tvente" Hollandiya çempionatının təmsilçisi kimi həm topa sahibolmada, həm də fürsətlərdən yararlanmaqda çətinlik çəkmədi. Qurban Qurbanovun taktiki baxımdan səhv etdiyini deməzdim. Dəyişiklik etməyə çalışdı, sadəcə, oyunçu çatışmazlığı üzündön problemin qarşısında aciz qaldı. Yeri gəlmişkən, Kevin Medinanın da yoxluğu hiss olundu. Ümumiyyətlə, Qurban Qurbanovun əli-qolu bağlı idi. Nə əvəzetmələrdə rahat idi, nə də rotasiyalarda. Hər halda, burda sistemin o qədər də fərqi yox idi. Məncə, sadəcə, oyunçuların keyfiyyəti çatmadı".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul