Misli premyer-liqasının 3-cü turunda "Turan Tovuz"u qəbul edən “Kəpəz" qələbə qazandı - 1:0.
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirdi.
- İlk növbədə şəhərimizə belə bir meydançanı bizim üçün araya-ərsəyə gətirən hər kəsə təşəkkür edirəm. Sizi də görmək xoş oldu. Meydançamızda ilk oyunumuz oldu. Qələbə bizim üçün daha sevindirici oldu. Möhtəşəm azarkeş dəstəyi var idi. Hər oyunda belə bir azarkeş sayı olmasını istərdim. Çox güclü rəqobə qarşı oynayırdıq. “Turan Tovuz”u təhlil edəndə necə qol vuracağımızı fikirləşirdik. İlk dəqiqələrdə futbolçular özünü itirmişdi. Çox ağır və lazımlı qələbə qazandıq. Klub rəhbərliyinə və azarkeşlərimizə təşəkkür etmək istəyirəm.
- Uzun müddət idi azarkeşlər “Kəpəz”i gəncəli məşqçinin çalışdırmasını istəyirdi. Siz nə düşünürsüz?
- Bu terminlə heç cür barışmıram. Ölkəmizdə hər bir məşqçi kim layiqdisə, çalışa bilər. Bizim azarkeşlər hər zaman qələbə istəyirlər. Biz onlar üçün çalışırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik.
- “Kəpəz”də rəsmi debütünüzdə Mutunu məğlub etdiz. İndi də Kurban Berdıyevi…
- Həmin hissi meydanda yaşadım. Qələbə qazananda da bunu fikirləşdim. Komandada çatışmazlıqlar var. Bunun üzərində çalışmalıyıq. “Neftçi” üzərində qələbədən sonra futbolçulara dedim ki, bilməyin ki, bu qələbə bizim gücümüzün göstəricisidi. Qələbədən sonra uğursuzluqlar yaşamayaq.
- “Şamaxı”nın da müdafiəsini yarmaq heç asan deyil. “Şamaxı” səddinin də “Turan Tovuz” qədər çətin olacağını deyə bilərikmi?
- Oyundan öncə futbolçulara motivasiya vermək istədim. Bu komandaların bənzərliyi var. Biz “Turan Tovuz”a uyğun hazırlaşmışdıq. Hər komandanın ayrı oyun üslubları var. Rəqiblərimizi analiz etməyə çalışacağıq.
- Bu stadionda sonuncu qələbəni də siz qazanmışdınız. Bir neçə ildən sonra yenə bu stadionda ilk qələbəni qazandız. Bu statistikanı bilirdizmi?
- Xeyr, bilmirdim. Qərb derbisində qələbə qazanmaq daha sevindiricidi.
- İkinci hissədə tam fərqli “Kəpəz” gördük. Buna səbəb nə idi?
- Komandam ilk 15 dəqiqədə özünü itirmişdi. Rəqibimizin gücünə baxsaq, təzyiq gözlənilən idi. Uzun ötürmələrin olacağını komandama demişdim. Fasilədə futbolçulara bəzi göstərişlərimi bildirdim. Onlara geri çəkilməməyi tapşırdım.
- Daha çox vərəqə almağınızın səbəbi nə idi?
- Futbolçularımız bir az fərqli idi. Həddən artıq motivasiyalı idi. Futbol varsa, vərəqə də olmalıdı.
ƏSƏD SEYİDOV
“Komandam ilk 15 dəqiqədə özünü itirmişdi” – Azər Məmmədov
Ölkə futbolu / Manşet






