Məhəmməd Salah kimi bir futbolçunu transfer etməklə bütün dünyanın diqqət mərkəzinə düşən trabzonlular evdəki minimal hesablı məğlubiyyətdən sonra səfərdə 4 cavabsız top buraxaraq rüsvay oldular. Düzdü, Budapeştdəki oyunda qonaqlar uzun müddət azlıqda, 57-ci dəqiqədə etibarən isə hətta 9 futbolçu ilə oynamaq məcburiyyətində qaldılar. Ancaq istənilən halda bu oyun klub tarixində bir qara ləkə kimi qalacaq. Nəzərə alaq ki, ''Trabzonspor'' rəqibindən həm heyət, həm də səviyyə baxımından üstündü.
Komanda AL-in liqa mərhələsinə düşə bilməməklə həm də 3,2 milyon avroluq gəlirdən məhrum oldu. Oyundan sonra baş məşqçi Fatih Təkkə məsuliyyəti üzərinə götürərək istefa verdi:
''Qürurla icra etdiyim bu vəzifədən istefa verirəm. Rəhbərliyə bu haqda heç nə deməmişəm. Qərarımı burda açıqlayıram. Bu məğlubiyyəti qəbul etmək mümkün deyil. Düzdü, bəxtsizliklər və şanssızlıqlar yaşadıq. Amma mən bu nəticəni qəbul edə bilmərəm. Bu şəkildə gecə rahat yata bilmərəm. Hər kəs haqqını halal etsin. Biz əlimizdən gələni etdik''.
Bu sözlərin ardından Fatih Təkkənin bu günlərdə verdiyi açıqlama yenidən gündəmə gəldi. Türkiyə çempionatının 2-ci turunda komanda ''İstanbul BŞ''ni 2:1 yenərək mövsümdə ilk qələbəsini qazandığı matçın ardından Təkkə jurnalistin Fabinyo kimi bir ulduzun gəlişi ilə bağlı suala cavab verərkən yarızarafat, yarıciddi şəkildə bunları demişdi:
''Bu gün böyük ehtimalla daha bir ulduz futbolçu heyətimizə qoşulacaq. Bu, məşqçi üçün yaxşı bir şey deyil. Əsl məşqçini istefaya göndərəcək bir heyət qurulub''.
Bu arada yeni bir sürpriz xəbər gəlib. Belə ki, ''Trabzonspor'' rəhbərliyi Təkkənin istefasını qəbul etməyib! Rəsmi açıqlamada qeyd olunub ki, bu məşqçi həftəsonu ''Amed SF'' ilə çempionat matçında komandanın başında yer alacaq.






