Ötən mövsümdən fərqli olaraq bu dəfə ''Qalatasaray''ın Çempionlar Liqası macərası erkən bitdi.
2023/24-də 3 rəqibi keçərək qrup mərhələsinə düşən ''Cim-Bom'' bu dəfə mübarizəyə pley-offdan başladı. Amma Türkiyə çempionu üçün ''Yanq Boyz'' səddi keçilməz oldu. Ötən həftə səfərdə qeydə alınan 2:3 hesablı məğlubiyyətin ardından İstanbul nəhəngi fanatları önündə aşkar favorit sayılsa da, ümidləri doğrulda bilmədi. Okan Burukun komandası öz meydanında heç qol da vura bilmədi. Alan Virciniusun 87-ci dəqiqədə vurduğu qol İsveçrə çempionuna İstanbulda minimal hesablı qələbə qazandırdı. Qolun ardından Fernando Muslera Virciniusa təpik atdığından birbaşa qırmızı vərəqə aldı. ''Qalatasaray'' tarixində cəmi 2-ci dəfə ÇL-in təsnifatında hər iki görüşdə məğlub oldu. Bu durum daha öncə 2021-in yayında PSV ilə dueldə yaşanmışdı (səfərdə 1:5, evdə 1:2).
''Sarı-qırmızılar'' eynilə ''Fənərbaxça'' kimi yola Avropa Liqasının qrup mərhələsində davam edəcəklər. Onu da bildirək ki, ''Qalatasaray'' ÇL-in qrupuna düşə bilməməklə ən az 27,6 milyon avroluq gəlirdən məhrum oldu.
ƏLİ