"Problemlər içindəyik, çətinliklər davam edir" - Rəşad Sadıqov

27.10.2026 23:58 45
Ölkə futbolu / Manşet
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ölkə kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”ə qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan əvvəl bilirdik ki, bizi yüksək liqa səviyyəsində bir qarşılaşma gözləyir. Hətta son çempionat oyunundan öncə də futbolçularıma kubok matçında bizi nələrin gözlədiyini mütəmadi olaraq xatırladırdım. Qismətimiz elə gətirdi ki, ən güclü rəqiblərdən biri ilə qarşılaşdıq. “Səbail” heyətində yüksək liqa təcrübəsi olan futbolçuların çoxluq təşkil etdiyi, yaxşı formalaşmış komandadı. Gənc və yaxşı məşqçiləri var. Maraqlı futbol oynayırlar.

Bütün bunlara baxmayaraq düşünürəm ki, birinci hissədə və ikinci hissənin əvvəlində oyunun taleyini həll etməli idik. Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Qol vurmaqla bağlı problemimiz sanki adiləşib və hələ ki bunu həll edə bilmirik. Son dəqiqələrdə qol buraxdıq və oyun əlavə vaxta getdi. Maraqlı əlavə vaxt izlədik. Biz qol vurduq, sonra rəqib yenidən son dəqiqələrdə fərqləndi və penaltilər seriyasına keçildi. Hər iki qapıçı penalti zərbələrində yaxşı çıxış etdi. Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma başqa çarəmiz yoxdu. İndi çalışıb tez bərpa olmalı və üç gün sonra “Araz-Naxçıvan”la oyuna hazırlaşmalıyıq.

Məni məyus edən məqamlardan biri də budu ki, PFL-dən belə halları nəzərə almalarını xahiş edirəm. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bundan üç gün əvvəl “Sumqayıt”la, ondan beş gün əvvəl isə səfərdə “Kəpəz”lə oynamışdıq. İndi kubok matçından cəmi üç gün sonra “Araz-Naxçıvan”la qarşılaşacağıq. Halbuki hamıya məlumdu ki, kubok oyunları 120 dəqiqəyə qədər davam edə bilər.

Bizdən sonra həmin meydanda başqa komandalar da oynayacaq. Onlar kubokda bizim qədər ciddi sınaqla qarşılaşmayıblar. Bu məqamlar nəzərə alınsa, çox yaxşı olar. Avrokuboklarda iştirak edən komandaların oyun təqvimində müəyyən güzəştlər edilir, uzun səfərlərə çıxan kollektivlər də nəzərə alınır. Nədənsə, bu dövrdə biz çox sıx qrafikə düşmüşük. Ən maraqlı qarşılaşmalardan birinin bu olacağı əvvəlcədən bəlli idi. Yaxşı olardı ki, hər iki komandaya daha çox bərpa vaxtı verilərdi.

Bütün bu problemlərə, heyətlə bağlı çətinliklərə baxmayaraq komandamızın mübarizəsindən razıyam. Ümid edirəm ki, “Araz-Naxçıvan”la oyuna qədər bərpa ola biləcəyik. Belə qarşılaşmalar komandaları daha da gücləndirir, futbolçularda möhkəm xarakter formalaşdırır.

Futbolda belə hallar tez-tez baş verir. Çoxsaylı qol epizodları yaradırsan, istifadə edə bilmirsən, rəqib isə fürsətlərini dəyərləndirir. Belə məqamlarda ruhdan düşməmək, sona qədər mübarizə aparmaq və mərhələni keçmək çox vacibdi. Sevindirici hal odur ki, futbolçularımız sona qədər xarakter nümayiş etdirdilər və nəticədə mərhələni keçən tərəf biz olduq.

- “Araz-Naxçıvan”la oyunda rotasiyaya getməyiniz mümkündümü? Heyətlə bağlı imkanlarınızın geniş olmadığını nəzərə alsaq, məcburi dəyişikliklər gözlənilirmi?
- Rotasiya etməyə adam yoxdu. Özünüz də gördünüz ki, dəyişiklik etmək imkanlarım məhdud idi. Smit gənc və perspektivli futbolçudu. Baxışa gəlmişdi. Smiti də, Krisi də artıq oynadırıq. Başqa çıxış yolumuz yoxdu. Rikardo da, Ərən də çox qaçdılar. İndi üç gün ərzində onların necə bərpa olunacağını bilmirəm. Üstəlik, süni örtükdə oynayırıq.

Bilmirəm, məlumatınız var, ya yox, Davit Volkovun burnu sınıb. Ondan əvvəl İsmayılın da gözünün aşağı hissəsində, göz yuvasındakı sümük sınıb. Belə problemlər davam edir. Bütün bunlara baxmayaraq mübarizə aparmağa, yarışdan qopmamağa və iddiamızı davam etdirməyə çalışırıq. Futbolçular əllərindən gələni edirlər, əzmkarlıq göstərirlər. Ümid edirəm ki, bu çətin dövrü Allahın köməyi ilə uğurla geridə qoyacağıq.

- İlk hissədə baş verən mübahisəli epizodla bağlı nə deyə bilərsiz? Orda nə baş vermişdi?
- Açığı, mən də orada nə baş verdiyini anlamadım. Nə baş verdiyini bilmədim.

- Penaltilər seriyası zamanı “Səbail”in futbolçularından biri qapıçıya rəqibin zərbəsi ilə bağlı işarə edirdi. Növbəti oyunlarda penalti vuran futbolçuların dəyişdirilməsi mümkündümü?
- Bizdə penalti vurmaq əvvəlcə Qismətə həvalə olunmuşdu. İkinci penalti vuran futbolçu isə Ruan idi. Sonradan penalti vuranların sıralamasında dəyişiklik etdik və Ruan vurmağa başladı. Bununla yanaşı, Qismət də mütəmadi olaraq penaltiləri yerinə yetirirdi.

Bizim iki əsas penalti vuran futbolçumuz var. Onlar istənilən vaxt bir-birini əvəz edə, sığortalaya bilərlər. Mən bu məsələyə qarışmıram. Qərarı özlərinə buraxmışam. Meydanda kimin özünü daha inamlı hiss etməsindən, yaxud hansı futbolçunun daha çox yorulmasından asılı olaraq qərar verirlər.

Rəqib futbolçuların qapıçıya işarələr etməsinə gəlincə, penaltilər zamanı bizim futbolçularımız da müəyyən işarələr verirdilər. Bu, futbolun bir hissəsidi. Bəlkə, zərbə vuran oyunçunu daha yaxşı tanıyırlar, yaxud ona kənardan nəsə deməklə müəyyən qədər təzyiq göstərməyə çalışırlar.

Mehdi və Aydının penaltiləri yaxşı dəf etdiklərini bilirdim. Hər ikisini yaxşı tanıyıram. Belə məqamlarda əsas məsələ kimin daha soyuqqanlı və dəqiq olmasıdı. Şükürlər olsun ki, bu dəfə biz daha dəqiq olduq.

- Mövcud vəziyyəti nəzərə alsaq, qış 'transfer pəncərəsi"nədək azad agent statusunda olan futbolçunun qısa müddətə heyətə cəlb edilməsi mümkündümü?
- Qış "transfer pəncərəsi" üçün planlar var. Ən azı bir futbolçu transfer etməyi düşünürük. Amma hazırda əlavə transferin həyata keçirilməsi gözlənilmir. Vəziyyəti özünüz də görürsüz. “Kəpəz”lə oyundan sonra zədələrlə bağlı danışdıq, müzakirələr apardıq. Səhəri gün məşqə gələndə məlum oldu ki, İsmayıl və Papunaşvili bir ay, bəlkə də ay yarım meydana çıxa bilməyəcəklər. Halbuki hər ikisi əvvəlki oyunu başa vurmuşdu. Davit Volkov da matçı sona qədər oynadı. Oyundan sonra burnunda ağrı hiss etdiyini dedi. Rentgen müayinəsindən sonra sınıq olduğu məlum oldu.

Problemlər içindəyik, çətinliklər davam edir. Bu barədə çox danışmaq istəmirəm, amma vəziyyəti də gizlətmək mümkün deyil. Ərən zədədən qayıtmışdı və onu 120 dəqiqə meydanda saxlamağa məcbur oldum. Çünki meydana buraxmağa başqa hücumçu yox idi. Bayer də, Davit də zədəlidi. İndi ümid edirəm ki, futbolçular tez bərpa olunacaqlar və yorğunluğun fəsadlarını növbəti oyunda hiss etməyəcəyik. Amma bu gün çətinliklər yaşayırıq.

- Zədəli qapıçının vəziyyəti necədi? Qışa qədər meydana qayıtması mümkündümü?
- Artıq iki gündü məşqlərə qoşulub. Hazırda fərdi məşqlər edir. Ümid edirəm ki, bir həftə, on gün ərzində vəziyyəti yaxşılaşacaq və yəqin ki, millinin oyunlarından sonra tam məşqlərə, ardınca da oyunlara qoşula biləcək.