“Ancaq bu o demək deyil ki, “Kəpəz”in bu istiqamətdə pulu tükənib” – klub baş məşqçinin açıqlamasına aydınlıq gətirdi

27.10.2026 23:15 90
Aktual / Premyer-liqa
Misli premyer-liqasının 9-cu turunun “Şəfa” – “Kəpəz” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında “sarı-göylər”in baş məşqçisi Azər Məmmədov maraqlı açıqlama verdi. Həmkarımızın qələbəyə görə komanda üzvlərinə verilən müakafatın büdcəyə təsiri haqda sualını cavablayan mütəxəssis belə dedi:

“Bəli, mükafat üçün müəyyən məbləğ ayrılmışdı. Amma etiraf edim ki, həmin məbləğ bu qədər qələbə və heç-heçə üçün tənzimlənməmişdi. Artıq futbolçular həmin məbləğin çox hissəsini öz zəhməti hesabına qazanıblar. Bəli, bunun büdcəyə təsiri var. Amma rəhbərlik də çalışır ki, minimum imkanlarla komanda üçün maksimum mükafat versin”.

Belədə “Kəpəz”in büdcəsinin uğurlu çıxışların davamında mükafatların verilməsi üçün yetərli olmayacağını düşünmək olar, yoxsa klubun imkanları davamlılıq üçün bəs edəcək?

Bu sualları Gəncə təmsilçisinin mətbuat katibi Aqşin Əliyevə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Təəssüf ki, Azər müəllimin mükafatlarla bağlı açıqlaması bir qədər yanlış anlaşılıb. Baş məşqçimiz bildirmək istəyirdi ki, ilk mərhələdə mükafatlar üçün nəzərdə tutulan müəyyən büdcə var idi. Sevindirici haldı ki, komanda yaxşı mənada hamını təəccübləndirdi. Bu dəfə mövsümə əvvəlki illərlə müqayisədə daha uğurlu başladıq. Bəli, komanda artıq mükafatlar üçün ayrılan məbləğin böyük hissəni əldə edib. Ancaq bu o demək deyil ki, “Kəpəz”in bu istiqamətdə pulu tükənib və həmin limit keçildikdən sonra bonuslar olmayacaq. Mükafatlar yarışların ayrılmaz hissəsidi. Futbolçularımızı növbəti qələbələrə həvəsləndirmək istəyirik. Uğurlu nəticələr olacağı təqdirdə komandaya mükafatlar vaxtında veriləcək”.

KƏNAN BAHADIR