Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.
"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13.30-da “Azersun Arena”da baş tutacaq. Saat 18.45-da isə Ağdam klubunun media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17.00-da start götürəcək. “Dinamo”nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 17.30-da başlayacaq.
Media nümayəndələri akkreditasiyalarını avqustun 12-də saat 10.00-dan 16.00-dək “Azersun Arena”nın media otağından əldə edə bilərlər.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20.00-da start götürəcək.