Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” – “Torpedo” (Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, Sumqayıtda baş tutan oyun Azərbaycan klublarının Avropa miqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.
Təmsilçilərimiz Çempionlar Liqasında 120, UEFA Avropa Liqasında (əvvəl UEFA kuboku) 283, UEFA Konfrans Liqasında 63, Kuboklar kubokunda 8, İntertoto kubokunda 26 görüşə çıxıb. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanan klublarımız 112 heç-heçə edib və 229 dəfə uduzub.
Qitə kuboklarında debüt 1994/95 mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbaxça”ya 0:5 hesabı ilə uduzub.
“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-du.
Azərbaycan komandalarının ilk qolu 1995/96 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.
“Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.