"Şəfa" Misli premyer-liqasının 7-ci turunda "Turan Tovuz"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyunsonrası mətbuat konfransnda iştirak etdi.
- Matç barədə danışılası çox şey yoxdu. İstək və fiziki baxımdan rəqibdən geridə qalmadıq. Sadəcə ustalıq səviyyəmiz kifayət etmir ki, bu cür komandalarla görüşlərdə xallar qazanaq. Təəssüf ki, qolu da diqqətsizlikdən buraxdıq.
- Ustalıq səviyyəsindən bəhs etdiniz. Qışda transferlər olacaq?
- Qış haqda rəhbərliklə danışığımız olmayıb. Ustalıq səviyyəsi deyəndə, rəqibin də oyunçularını nəzərə alıram. Onlara qarşı oynamaq da ustalıq səviyyəsini açmağa tam imkan vermir.
- U-21 limitinin bizə qazandırdığı futbolçulardan biri Elmir Tağıyev idi. Maraqlıdı, nəyə görə əsas yox, əvəzedici heyətdə oynayır?
- Elmirlə yayda danışığımız olmuşdu. Sadəcə ayrılmaq ərəfəsində zədələndi və komandada qalası oldu. Formada deyil deyə, bizimlə deyil.
- Növbəti görüşlərdə “Şamaxı”, “Araz-Naxçıvan” və “Kəpəz”lə üz-üzə gələcəksiz. Nisbətən xal almaq ehtimalı yüksək olan bu matçlardan gözləntiniz nədi?
- Püşk elə atılıb ki, geridə qalan 7 turda oynadığımız rəqiblərdən yalnız ikisi, “Qəbələ” və “İmişli” istisna olmaqla, qalan hamısı çempionluq mübarizəsi aparan klublar idi. İndiyədək məğlub olduğumuz matçları “qara zolaq” adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü, bilmirəm. Lakin düşünürəm ki, artıq dişimizə uyğun rəqiblər gəlir. Onlarla görüşlərdə xal və ya xallar qazanmalıyıq.
- Bu ay ölkə kubokuna başlayacaqsız. Sizin üçün əsas hədəf kubok olacaq, yoxsa prioritet çempionatdı?
- Bu, gedişatdan asılı olacaq. Əvvəlcə 2-ci liqa təmsilçisi “Ağstafa Gəncləri” ilə oynayacağıq. Kubokun 1/4 final mərhələsi isə qış fasiləsindən sonraya təsadüf edir. Ona qədər vəziyyətin necə olacağına baxacağıq.
"Fiziki baxımdan rəqibdən geridə qalmadıq" - Zaur Həşimov
Ölkə futbolu / Manşet






