Bu gün Misli premyer-liqasında 9-cu tura start veriləcək.
Bu həftə də bizi bir-birindən maraqlı oyunlar gözləyir. Lakin əksər futbolsevərlərin “Sabah” – “Qarabağ” matçına diqqət göstərəcəyinə şübhə yoxdu. O başqa məsələ ki, “Neftçi” – “Turan Tovuz” qarşılaşması da həyəcanla izlənilənlər sırasında yüksək pillələrdə qərarlaşacaq.
Üç gün ərzində keçiriləcək matçlar “CBC Sport”un efirində canlı yayınlanacaq. “Sabah” – “Qarabağ” görüşünü həm də “İdman TV”dən izləyə bilərsiz.
Misli premyer-liqası
1-ci dövrə, 9-cu tur
23 oktyabr
Araz-Naxçıvan – Qəbələ 0:1
İsmael Akinade, 8
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+2=1-0, 5:2.
2023/24 – 2:0, 1:1. 2025/26 – 2:1.
Cəzalı: Ağadadaş Salyanski (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-35-25.
Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı, şəhər stadionu. Saat 15.00.
“Araz-Naxçıvan” “zirzəmi”nin daimi sakininə çevrilib. Əslində “qırmızı-ağlar”ın çempionatın ortabab komandaları ilə qarşılaşmalarda xal ehtiyatını artıracağı gözlənilirdi. Lakin “Şamaxı”, “Kəpəz” və “Sumqayıt”a qarşı oyunlar da məğlubiyyətlə nəticələndi. Görünən odu ki, baş məşqçi dəyişikliyinin – Yuri Maksimovun təyinatının da hadisələrin axarına hələ ciddi təsiri yoxdu. Ancaq “Qəbələ”də də durum fərqli deyil. “Qırmızı-qaralar” ötən həftə evdə “Sabah”a qarşı keçirilən matçda 0:4 hesablı məğlubiyyət yaşadı. Hələ onu demirik ki, son 4 oyunda uduzan bölgə təmsilçisi bunların üçündə darmadağın olub.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 7 dəfə qarşılaşıb. Bunların 3-də “Araz-Naxçıvan”, 2-də “Qəbələ” qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “qırmızı-ağlar” öndədi – 11:8.
Zirə – Sumqayıt
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 21:+14=6-1, 34:14.
2015/16 - 3:2, 1:0; 2016/17 - 0:1, 1:0; 2017/18 - 3:1, 1:1; 2018/19 - 3:1, 2:0; 2019/20 - 2:2; 2020/21 - 2:2, 0:0; 2021/22 - 1:0, 1:0; 2022/23 - 0:0, 3:1; 2023/24 - 1:0, 0:0; 2024/25 – 4:1, 3:1; 2025/26 – 1:0, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-30-25.
Hakimlər: TURAL QURBANOV, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.
Son 5 matçda qələbəyə həsrət qalan “Zirə” tilsimi bu oyunda qırmağa çalışacaq. Hətta buna məcburdu desək, yanılmarıq. Ona görə ki, ardıcıl xal itkiləri “qartallar”ın “avrokubok zonası”ndan kənarlaşmasına gətirib çıxarıb. Kollektiv “doğma divarlar” arasında qələbəyə imza atmalı, ən önəmlisi, özünəinamı bərpa etməlidi. İş ondadı ki, mövsümə uğursuz start verən “Sumqayıt” artıq toparlanıb. Ardıcıl iki qələbə qazanan “gənclik şəhəri”nin təmsilçisinin hədəfi çətin səfərdən azı bir xalla qayıtmaqdı.
Bu komandalar indiyə qədər 42 dəfə üz-üzə gəlib. Bunların 25-də “Zirə”, 6-da “Sumqayıt” qalib olub, 11-də “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 62:27.
24 oktyabr
Şəfa – Kəpəz
“Şəfa” indiyədək bu rəqiblə evdə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR hakimi: Vüqar Həsənli.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı, “SOCAR Polymer Arena”. Saat 16.30.
“Şəfa” da autsayderlər qrupunda qərarlaşıb. Əlbəttə, debütantın mövsümə fırtına kimi başlamaq ehtimalı zəif idi. Ancaq belə uğursuz start da arzuolunan deyil. Paytaxt təmsilçisi xal ehtiyatını artıra bilmədikcə təhlükə böyüməyə davam edəcək. Düzü, kollektivin buna “Kəpəz”lə oyunda nail olması inandırıcı görünmür. Azı ona görə ki, “sarı-göylər” cari “futbol ili”ndə özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Zarafat deyil, komanda son 4 matçda uduzmayıb. “Şəfa” isə son 6 görüşdə məğlub olub. Odu ki, favorit bəllidi. Qalan məsələlərə isə yaşıl meydanda aydınlıq gələcək.
Neftçi – Turan Tovuz
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 8:+3=3-2, 11:5.
2022/23 – 0:0, 4:0; 2023/24 – 3:2, 3:0; 2024/25 – 0:0, 1:1; 2025/26 – 0:1, 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-25-35.
Hakimlər: ƏLİ ƏLİYEV, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Bakı, “Palms Sports Arena”. Saat 19.00.
Azərbaycan derbisində xal itirən “Neftçi” liderliyi “Qəbələ”ni darmadağın edən “Sabah”a təhvil verdi. Odu ki, hədəf yenidən zirvəni ələ keçirməkdi. Düzdü, bu baxımdan hər şey “Sabah” – “Qarabağ” matçının nəticəsindən asılı olacaq. Lakin “ağ-qaralar” bütün ehtimalları nəzərə almalı, evdə qalib gəlməklə bu yöndə şanslarını artırmalıdı. O başqa məsələ ki, “Turan Tovuz”la görüş asan sınaq deyil. Axı bakılılar tovuzluları qəbul etdiyi son 4 matçda qələbəyə həsrət qalıb. Bununla belə, ilk “dördlük”də möhkəmlənmək istəyən “bozqurd” səfərdə daha güclü olmağa çalışacaq.
Bu komandalar indiyə qədər 15 dəfə üz-üzə gəlib. Həmin qarşılaşmaların 6-da Bakı, 3-də Tovuz təmsilçisi qalib gəlib, 6-da hərəyə 1 xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 17:12.
25 oktyabr
İmişli – Şamaxı
“İmişli”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=1-0, 0:0.
2025/26 – 0:0.
Cəzalı: Juninyo (İmişli).
“Futbol+”in proqnozu: 25-35-45.
Hakimlər: RAUF CABBAROV, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax, şəhər stadionu. Saat 15.00.
Bilindiyi kimi, baş məşqçi Fərid Namazovla yolları ayıran “İmişli”yə müvəqqəti latviyalı Ervins Perkons rəhbərlik edir. İddialara inansaq, “pələnglər” yaxın günlərdə legioner çalışdırıcı ilə anlaşmağı planlaşdırır. Təyinatın bu matça qədər reallaşın-reallaşmayacağı isə sual altındadı. Ancaq kollektivin Perkonsun rəhbərliyi altında “Turan Tovuz”u məğlub etdiyini unutmamalıyıq. Odu ki, “Şamaxı”nın bu matça yetərincə ciddi yanaşmasında fayda var. Əlbəttə, “şirlər” 7 oyunu əhatə edən məğlubiyyətsizlik seriyasının qırılmasını istəməzlər.
Bu komandalar indiyə qədər 3 dəfə qarşılaşıb. Bu matçların 1-də “Şamaxı” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində Azər Bağırovun komandası öndədi – 1:0.
Sabah – Qarabağ
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+3=4-7, 13:21.
2018/19 - 0:2, 1:1; 2019/20 – 0:1; 2020/21 – 1:2, 0:4; 2021/22 – 1:2, 0:1; 2022/23 – 0:0, 2:1; 2023/24 – 1:2, 3:2; 2024/25 – 1:1, 1:1; 2025/26 – 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-25-35.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Dalğa Arena”. Saat 18.00.
“Sabah” bu tur yeni stadionunda – “Dalğa Arena”da ilk oyununu keçirəcək. Tribunalarda anşlaq olub-olmayacağı təxmin etmək çətindi. Ancaq oyunda gərginliyin son həddə çatacağını asanlıqla proqnozlaşdıra bilərik. Məlumdu ki, “bayquşlar” ötən turu lider kimi tamamladı. İndi kollektiv zirvədəki yerini qorumaq uğrunda mübarizə aparacaq. O başqa məsələ ki, “Qarabağ”ın da hədəfi birinci pilləyə yüksəlməkdi. Bu komandaların ehtiyatda hərəyə bir oyununun qaldığını, qarşıda hələ iki dəfə də üz-üzə gələcəklərini nəzərə alsaq, məğlub tərəf ciddi itki ilə üzləşməyəcək. Lakin kollektivlər həm də psixoloji üstünlüyün vacibliyini düşünməli, yalnız qələbə üçün tər tökməlidilər.
Bu komandalar indiyə qədər 30 dəfə üz-üzə gəlib. Bunların 4-də “Sabah”, 15-də “Qarabağ” qələbə qazanıb, 11-də qalib müəyyənləşməyib. Topalrın nisbətində ağdamlılar öndədi – 54:30.
Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Qəbələ” son 6 matçda qol vurub. “Araz-Naxçıvan” evdə uduzmayıb.
// “Zirə” son 7 qarşılaşmada qələbə qazanıb. “Sumqayıt” 22 oyundu qalib gəlmir.
// “Neftçi” son üç görüşdə qol vurmayıb. “Turan Tovuz” son 4 səfərdə xal qazanıb.
// “İmişli” qol vurmayıb. Son iki oyun heç-heçə ilə yekunlaşıb.
// “Sabah” son 10 matçda qol vurub. “Qarabağ” son 6 qarşılaşmada qələbə qazanmayıb.
KƏNAN BAHADIR
"Qəbələ" hesabı açdı - YENİLƏNİR
Ölkə futbolu / Manşet





