“Hücum xəttini gücləndirməliyik” - Rəşad Sadıqov

23.10.2026 21:30 27
Ölkə futbolu / Manşet
Premyer-liqanın 9-cu turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib.

Matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib.

– Oyundan əvvəl də şən və baxımlı qarşılaşma gözləyirdik. Hər iki komanda yaxşı futbol oynamağa çalışırdı. İlk 30-35 dəqiqədən sonra komandamızda eniş oldu. Buna ilk dəqiqələrdən pressinq etməyimiz səbəb oldu. Hissənin sonlarında rəqib qol vurdu və fasiləyə bir top fərqi ilə yollandıq. İkinci hissənin əvvəlində də qol buraxdıq. Artıq neçə oyundu ki, fasilədən sonra ilk dəqiqələrdə qapımızda qol görürük.

– Ötən tur ağır Gəncə səfərindən bir xalla qayıtdız. İndi isə “Sumqayıt”la görüşdə çətinliklə qələbə qazandız. Bu mövsüm əvvəlkilərlə müqayisədə daha çətin keçir?
– Bunu necə müqayisə edəcəyimi bilmirəm. “Araz-Naxçıvan” məğlub olsa da, baxımlı futbol oynayır. Halbuki turnir cədvəlinin sonuncu pilləsindədi. İldən-ilə futbolumuz inkişaf edir və rəqabət aparmaq çətinləşir. “Sumqayıt” son iki oyunda möhtəşəm futbol nümayiş etdirib. Filipe Kandidonun gəlişindən sonra komanda baxımlı oyun sərgiləyir. Yaxşı seleksiya işi aparılıb. Hər iki komanda əvəzetmələr zamanı çətinlik çəkdi. Oyunun sonunu biz daha yaxşı keçirdik və qələbə qazandıq.

– İllər keçdikcə hakimlər məşqçiləri daha çox əsəbləşdirir. Bu oyunda verilən qərarlar sizi də narazı salırdı?
– Oyunun əvvəlində gərgin idim, ikinci hissədə isə daha sakit idim. Fasilədə özümə dedim ki, bu cür davranmaq mənə fayda verməyəcək. İlk hissədə bizi əsəbiləşdirən qərarlar oldu. Bunun nə dərəcədə düzgün olduğunu dəqiq videogörüntülərə baxdıqdan sonra biləcəyik. Belə hallar təkcə bizim oyunda deyil, digər qarşılaşmalarda da yaşanır. Bizi gərgin çempionat gözləyir.

– Rəhbərliklə transfer məsələsində danışıq olubmu? Yeni futbolçular üçün büdcə ayrılıb?
– Ümumilikdə seleksiya işini tamamlamışıq. Sağ cinah vingeri mövqeyimiz boşdu. Həmin mövqeyə hər dəfə fərqli futbolçular cəlb edirik. Rəqiblərimizin imkanları daha geniş, heyətləri daha zəngindi. Biz də hücum xəttimizi gücləndirməliyik.

İSRAYIL XEYRULLAYEV