“Məncə, həmin epizodda ofsayd yox idi” - Filipe Kandido

23.10.2026 21:50 27
Ölkə futbolu / Manşet
Premyer-liqanın 9-cu turunda “Sumqayıt” səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olub.

Matçdan sonra “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Filipe Kandido mətbuat konfransı keçirib.

– Bu, bizim üçün üzücüdü. Daha yaxşı nəticəyə nail olmağa layiq idik. Düşünürəm ki, oyuna yaxşı başlamadıq, top itkilərinə yol verdik. Rəqib də bundan faydalanmaq üçün imkanlar qazandı. Hesab 0:2 olduqdan sonra komandam daha yaxşı oynamağa başladı. Fasilədə futbolçulara inandığımı və matçın taleyini dəyişə biləcəyimizi söylədim. Belə də oldu. İki qol vurduq, amma onlardan yalnız biri qeydə alındı. Daha yaxşısını edə bilərdik. Futbolçularımın daha çox şeyə qadir olduğuna inanıram. Rəqibin öz meydanında qələbə qazanmaq üçün meydana çıxacağını bilirdik. Kiçik səhvlərə görə məğlub olduq. Buna baxmayaraq, komandamız böyük rəqiblərlə mübarizə aparmağa hazırdı.

– Müasir futbolda cinah müdafiəçiləri də hücuma qoşulur. Bu gün isə komandada klassik 9 nömrə çatışmazlığı hiss olunurdu…
– Yaxşı sualdı. Bu gün 9 nömrənin fərqli tipindən olan Nihaddan istifadə edirdik. Onun özünəməxsus xüsusiyyətləri var, amma tam mənada bitirici deyil. Düşünürəm ki, bu gün çox yaxşı iş gördü, qol da vurdu, müdafiəyə də kömək etdi. Hər kəs bilir ki, iki hücumçumuzu eyni vaxtda itirmişik. Mən isə bu vəziyyətdə həll yolu tapmağa məcburam. Gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün fərqli variantlara əl atacağıq.

– Komandanızın ən azı bir xala layiq olduğunu düşünürəm. Qarşıda “Şəfa” ilə oyun var. Növbəti görüşlərdə turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparacağınıza inanırsız?
– Bəli. Lakin asan oyunların olacağına inanmıram. Hər qarşılaşma çətindi. Mənim üçün həmişə növbəti oyun daha vacibdi. Turnir cədvəlinə baxmıram. Təbii ki, müəyyən məqsəd var. Hər matçda mümkün qədər yaxşı mübarizə aparmağa çalışacağıq.

– Həm siz, həm də Rəşad Sadıqov hakimlikdən narazı görünürdüz. Bununla bağlı nə deyə bilərsiz?
– Hakimlik barədə danışmağı sevmirəm. Onların da qərar verməsi asan deyil. Lakin VAR var. Məncə, həmin epizodda ofsayt yox idi. Bu qərardan sonra komandam sınmadı, mübarizəni davam etdirdik. Daha bir neçə qol epizodumuz oldu. Ancaq sonradan “Zirə” çoxsaylı hücumlar təşkil edərək qapımızdan top keçirməyi bacardı.

– Vəli Qasımov da “Vitoriya Setubal”da çıxış edib. Onunla əlaqəniz qalıbmı, görüşmüsüzmü?
– O, gördüyüm ən yaxşı futbolçulardan biridi. Onunla bir komandada oynamışıq. Öz dövrünün ən yaxşı hücumçularından idi. Onu çox istəyirəm. Görüşməmişik, amma telefonla danışmışıq. Ondan çox şey öyrənmişəm. Birlikdə oynayanda mənim 19 yaşım var idi. Hər fürsətdə ondan nələrsə öyrənməyə çalışırdım.

İSRAYIL XEYRULLAYEV