Hələ mövsümün əvvəlində “Kəpəz”lə “Gəncəbasar”ın gəncəli futbolsevərlərin simpatiyasını qazanmaq yönündə rəqabət içində olacağını yazmışdıq. Əlbəttə, bunun üçün başlıca şərt komandaların uğurlu nəticələr qazanması idi. İş ondadı ki, hazırda bu durumla bağlı qeyri-adi mənzərə ortaya çıxıb.
Belə ki, son 4 matçda uduzmayan “Kəpəz” premyer-liqada hər ev oyununda tribunalarda azı 13 min azarkeşindən dəstək alır. “Gəncəbasar” isə 1-ci liqanın lideridi - 6 oyunun 5-də qələbə qazanıb, 1-də uduzub. Sadəcə, bu komandanın evdə “Zaqatala”nı 7:0 hesabı ilə darmadağın etdiyi görüşdə cəmi 250 tamaşaçı olub. Halbuki “Gəncəbasar”ın Gəncə şəhər stadionunda keçirdiyi ilk matçda 1200 azarkeş var idi və bu sayın uğurlu nəticələr fonunda artacağı gözlənilirdi.
Görünür, gəncəli futbolsevərlər seçimini premyer-liqa iştirakçısından – “Kəpəz”dən yana edir. “Gəncəbasar” isə tribunalarda minlərlə azarkeş görmək üçün bəlkə də premyer-liqaya vəsiqə qazanmalıdı, ən azı yuxarı sıralarda qalmağa davam etməlidi. İndiki durum camiə üçün hansı komandanın daha doğma olduğunu göz önünə qoyur. Əlbəttə, zəngin tarixə malik “Kəpəz”i kölgədə qoymaq asan vəzifə deyil. Lakin cəmi 250 tamaşaçı “Gəncəbasar”ın hələ bu yolda hansısa irəliləyiş əldə etməməsinin bariz sübutudu.
KƏNAN BAHADIR
Gəncə “Kəpəz”i bağrına basır, “Gəncəbasar”ı isə sevmir... – rəqəmlər belə deyir
Ölkə futbolu / Manşet





