Deyəsən, “Qarabağ”da Kevin Medina dönəmi tezliklə başa çatacaq. Ona görə ki, “köhlən atlar” müdafiə xəttinin mərkəzini yeni futbolçuyla gücləndirmək istəyir. Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, ağdamlılar bu ölkənin yüksək liqa təmsilçisi “Kaza Pia”da çıxış edən Joao Qulartla maraqlanır. Düzdü, “Qarabağ” hələ qarşı tərəfə rəsmi təklif göndərməyib. Ancaq oyunçu klubun diqqət mərkəzindədi. Nəşr bildirir ki, “Kaza Pia” portuqaliyalını təxminən 1,5 milyon avro qarşılığında sata bilər.
Bəs, Qulart kimdi? Gerçəkdən komandasının əsas simalarındadı?
“Football-plus.az”ın məlumatına görə, 26 yaşlı futbolçu 191 sm boya malikdi. Cari mövsümdə 22 oyunda meydanda olub. Bunların 11-də start heyətində oynayıb. 3-də sonradan oyuna qoşulan Qulart qalan görüşlərdə əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşib. Müdafiəçinin hesabında 1 qol da var. Ümumiyyətlə, futbolçu yüksək liqada 1644 dəqiqə tər töküb ki, bu da yetərincə yüksək göstəricidi. Qulart həm də Portuqaliyanın U-18 yığmasının sabiq üzvüdü.
“Transfermarkt”da Qulartın bazar qiyməti 1 milyon avrodu. Onun “Kaza Pia” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR