Türkiyə çempionatında sonuncu dəfə iştirak etdiyi 2022/23-dən bu yana ciddi eniş yaşayan və bunun qarşısını heç cür kəsə bilməyən ''Girəsunspor'' acı taleyi ilə barışmalı olub.
"Football-plus.az" xəbər verir ki, bu klub yeni mövsümdə tarixində ilk dəfə həvəskarlar liqasında çıxış edəcək!
1967-ci ildə qurulan və ilk dəfə 1970/71-də elitada oynayan Girəsun təmsilçisi 6 ildən sonra liqa ilə vidalaşdı. ''Ağ-yaşıllar'' Türkiyə futbolunun elitasına bir də 44 ildən sonra - 2021-də yüksəldilər. Həmin vaxt komanda çətinliklə də olsa, elitada yerini qoruya bildi. Amma 2022/23-də ''Girəsunspor'' 16-cı pilləni tutaraq elita ilə vidalaşdı.
Ən maraqlısı odu ki, superliqada yerini qoruyub saxlaya bilməməsinə baxmayaraq bu kollektiv həmin mövsüm səfərdə həm ''Qalatasaray''ı (1:0), həm də ''Fənərbaxça''nı (2:1) məğlub etməyi bacardı!
Transfer qadağası və əsas futbolçuların ayrılması üzündən ciddi problemlər yaşayan klub 2023/24-ü 1-ci liqada sonuncu pillədə tamamladı. Qaradəniz təmsilçisi 2024/25-də borcları üzündən ciddi xal silmə cəzaları aldı və yenə sonuncu pilləni tutdu. Bu mövsüm də problem bitmədi. 3-cü liqada, yəni 4-cü divizionda 26 oyuna 17 xal toplayan ''Girəsunspor''un sona 4 tur qalmış həvəskarlar liqasına yuvarlanması artıq rəsmiləşib.
Beləliklə, Türkiyə kubokunda iki dəfə 1/4 finalda oynamış bu kollektiv gələn mövsümdən yenidən peşəkar liqaya yüksəlmək üçün munariza aparacaq.