Fariz Yusifov Fərid Hacıyevin yanlış qərar verdiyini açıqladı!

27.11.2025 14:31 38
Ölkə futbolu / Aktual
Bilindiyi kimi, Misli premyer-liqasının 12-ci turunun “Sumqayıt” – “Qarabağ” oyunu (2:4) mübahisəli hakim qərarıyla yadda qalmır. Elə indi “Futbol+” oxucusunun “eh, çempionatlarımızda hansı oyunda yanlış hakim qərarı olmur ki”, - deyə köks ötürdüyünü təxmin etmək çətin deyil. Haqlısan, əziz oxucu! Laklin bu görüşdə durum bir qədər fərqlidi. Çünki “kimyaçılar” cari mövsümdəki ilk oyunda “Qarabağ”a qalib gəlmişdi. Ağdamlıların qisas almağa çalışacağı şübhə doğurmurdu.

Ümumiyyətlə, 2025/26 mövsümü yetəirncə gərgin keçir. Nə az, nə çox - 7 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsa, belə olmalıdı. Ancaq iş bununla bitmir. Məlumdu ki, turnir cədvəlinin xüsusən ilk 6 pilləsində sıxlıq yaşanır. Belədə hər xal itkisi yerdəyişmələrə səbəb olur. Odu ki, hamı haqlı olaraq xüsusilə hakimlərin fəaliyyətinə fikir verir, ədalətin bərqərar olmasının vacibliyini dilə gətirir. İndi “Turan Tovuz”un da çempionluq uğrunda mübarizə apardığını, “Sabah”ın hələ ehtiyatda “Qarabağ”a qarşı keçirəcəyi matçın olduğunu nəzərə alsaq, fit sahiblərinin verdiyi qərarlar daha böyük önəm daşıyır.

“Sumqayıt” – “Qarabağ” oyununda futbolla bağlı bütün keyfiyyətlər var idi. Lakin baş hakim Fərid Hacıyevin məlum qərarı üzündən gündəmi əsasını hakim idarəçiliyi tutdu. Xatırladaq ki, referi 60-cı dəqiqədə Rayan Senhadjini cərimə meydançası daxilində Xoni Montielə qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandırdı. İş ondadı ki, bu, ədalət təmsilçisinin Senhadjiyə göstərdiyi ikinci “sarı” idi. Belədə “kimyaçılar” azlıqda qaldı. Düzdü, meydan sahibləri buna rəğmən, qol vura bildi. Ancaq “Qarabağ”ın qələbəsinə mane olmaq alınmadı.

Həmin epizodla bağlı mütəxəssis rəyinə ehtiyac duyduğumuzdan sabiq FİFA referisi Fariz Yusifovun fikirlərini öyrəndik. O, əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
“Matç çox sürətli, gərgin mübarizə şəraitində keçdi. Ümumi ab-hava premyer-liqamız üçün xoş oldu. Bu münasibətlə hər iki komandanı təbrik edirəm. Baxmayaraq ki, “Sumqayıt” uduzdu, “Qarabağ” Çempionlar Liqasında keçirəcəyi matçdan əvvəl vacib qələbə qazandı. Sadəcə, bəzi xırda hakim səhvləri oldu. Bu barədə onu deyim ki, təyinat düzgün deyildi. Çünki “Sumqayıt” həmişə “Qarabağ”a qarşı mübariz oyun göstərib, yaxşı performans sərgiləyib. Xüsusən də evdə. Fikrimcə, matçı FİFA referilərindən biri idarə etməliydi. Çünki onlar oyunun ruhunu daha yaxşı anlayır. Axı hakimin riayət etməli olduğu qaydalardan biri də oyunun ruhunu hiss etməkdi. Çox təəssüf ki, bu cür görüşdə hakim ön plana çıxdı. Halbuki bellə matçlarda hakim kölgədə qalmalıdı”.
Fariz bəyin mübahisə doğuran epizodla bağlı fikri:
“Həmin epizodu daha dəqiq incələmək, hadisələrin axarını sözün əsl mənasında görmək lazım idi. Burda tələsmək düzgün qərar olmadı. Hakim oyunu dəyərləndirməkdə çətinlik çəkdi. Necə deyərlər, epizodu yoza bilmədi. Həmin epizodda nə kobud zərbə var idi, nə də hansısa ciddi qayda pozuntusu. İkinci sarı vərəqəyə ehtiyac yox idi. Oyun davam etməliydi. Bu hal baş verməsə, daha yaddaqalan oyuna şahidlik etmiş olacaqdıq. Hər şey çox gözəl idi. Lakin hakimin idarəçiliyi uduzan komandaya – “Sumqayıt”a “kozır” verdi. İndi bu komanda rahatlıqla deyə bilər ki, azlıqda qalmasaq, “Qarabağ”ı məğlub edəcəkdik. Hakim həmin epizodda düzgün qərar versəydi, belə xoşagəlməz söz-söhbət də yaşanmazdı. O başqa məsələ ki, hakimin köməkçiləriylə əlaqəsi, fiziki durumu normal idi. Ümumiyyətlə, belə matçlarda daha təcrübəli hakimlərə güvənmək lazımdı”.
KƏNAN BAHADIR