Çempionlar Liqasında 5-ci turun əsas sürprizi Mançesterdə qeydə alındı.
"Football-plus.az" xəbər verir ki, Xosep Qvardiola heç bir ciddi səbəb olmadan ''Bayer-04'' ilə ev oyununda güclü rotasiyadan istifadə edərək meydana faktiki olaraq ikinci heyəti buraxdı.
Bu qərar ''şəhərlilər''ə baha başa gəldi və komanda hər hissədə bir qol buraxaraq 0:2 hesabı ilə məğlub oldu. Fasilədə edilən üçlü əvəzetməyə və Holannın 65-ci dəqiqədə meydana çıxmasına baxmayaraq ''Siti'' heç qol da vura bilmədi.
Mançester təmsilçisinin ÇL-in qrup/liqa mərhələsində evdə 23 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (20 qələbə, 3 məğlubiyyət). Son məğlubiyyət 2018-də ''Lion''la oyunda qeydə alınmışdı (1:2). ''Siti'' adətən Almaniya klublarına qarşı uğurlu oynayırdı. Buna qədər bu ölkənin təmsilçilərinə qarşı 24 qarşılaşmada cəmi 1 məğlubiyyət qeydə alınmışdı.
Ən əsası bu, Qvardiolanın ''Siti''nin başında ÇL-də yubiley - 100-cü oyunu idi. Komanda bu 100 qarşılaşmadan 62 qələbə, 18 heç-heçə, 20 məğlubiyyətlə ayrılıb. ÇL-də İngiltərə klubunun başında bundan daha çox oyunu yalnız ser Aleks Ferqyuson (''Mançester Yunayted'', 190) və Arsen Venger (''Arsenal'' 177) keçirib.