FİFA Kamerun Futbol Federasiyasının (KFF) prezidenti Samuel Eto’Oya cəza verib. Ali futbol təşkilatının Nizam-İntizam Komitəsi onun 6 ay müddətinə Kamerun yığmasının oyunlarında iştirakına qadağa qoyub.
Bu barədə hər iki futbol qurumunun mətbuat xidməti məlumat yayıb. “Barselona”, “İnter”, “Anji” və “Çelsi”nin sabiq futbolçusu FİFA-nın İntizam Məcəlləsinin təhqiramiz və nalayiq davranış, həmçinin ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi ilə təqsirli bilinib.
43 yaşlı Eto’Oya qarşı sanksiya sentyabrın 11-də Kamerunla Braziliya arasında keçirilən FİFA U-20 qadınlararası dünya çempionatının 1/8 final matçındakı nalayiq davranışına görə tətbiq edilib. Qadağa onun 6 ay müddətində bütün kateqoriyalar və yaş qrupları üzrə Kamerunun kişi və qadın komandalarının oyunlarını stadionda izləməsinə mane olacaq.